BAKI, 18 mart-Sputnik. ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb.
Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
"Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik" — deyə bəyanatda qeyd olunur.
Martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.
Həmçinin ötən gün məhkəmə dövlətə xəyanət ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib.