BAKI, 17 mart — Sputnik. Martın 12-dən bayram yarmarkaları davam edir.
Sputnik-in əməkdaşı martın 16-da yarmarkalarda müşahidələr aparıb.
İlk olaraq nazirlik tərəfindən əvvəlcədən elan edilən Abşeron rayonu üzrə: Xırdalan qəsəbəsindəki (Şahmat məktəbinin yanı) yarmarkaya gəldik. Məlum oldu ki, burada yarmarka keçirilmir. Sadəcə çadır quraşdırılmışdı. Yerli sakinlər dedilər ki, burada yarmarka olub amma indi yığışdırılıb. Ola bilər şənbə və bazar günləri keçirilsin. Ərazidəki bir taksi şoferi də dedi ki, buradakı yarmarkanı Sumqayıta köçürüblər.
Sonra Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığındakı yarmarkaya gəldik. Burada alıcıların azlığı müşahidə olunurdu. Satıcılar oturub alıcıların yolunu gözləyirdilər. Bir satıcı dedi ki, alıcı yoxdur baxmayaraq ki, məhsullarımızı ucuz satırıq. Bəzi satıcılar deyirdilər ki, hava soyuqdur həm də bu gün iş günüdür deyə alıcılar azdır. Şənbə və bazar günləri müştərilər çox olacaq.
Nazirliyin nümayəndəsi ilə söhbət zamanı dedi ki, burada məhsulların qiymətləri bazardakı qiymətlərdən 15-20 faiz ucuzdur. Yarmarkaya 100 tondan çox məhsul çıxarılıb. Yarmarkada qiymətlərlə maraqlandıq. Mal ətinin 1 kiloqramı 5 manat 50 qəpiyə, qoyun əti 6 manata, qoz ləpəsi 6-13 manata, şabalıd 6-7 manata, fındıq 3,50-5,50 manata, yumurta 10-11 qəpiyə, göyərtinin 1 dəstəsi 10 qəpiyə, kartof 50-60 qəpiyə, kələm 25-30 qəpiyə, kök 30-50 qəpiyə, çuğundur 40-50 qəpiyə, pomidor 2,20-2,30 manata, xiyar 1,60-1,80 manata, bal 15 manata satılırdı.
Onu da qeyd edək ki, yarmarkada səyyar avtolaboratoriya gözə dəymirdi.
Yarmarkalar martın 20-dək davam edəcək.