BAKI, 15 mart — Sputnik. "Ötən il ölkəmizdə ümumi daxili məhsul real ifadədə 1,1 faiz artıb. 2015-ci ildə qeyri-neft sektoru 10 faiz artıb. Ötən dövrdə əsas kapitala yatırılan vəsaitin 55 faizi qeyri-neft sektorunun payına düşüb".
Sputnik xəbər verir ki, bunu, Milli Məclisin bugünkü plenar iclasında hesabat verən Baş nazir Artur Rəsizadə deyib. Onun sözlərinə görə, ötən il maliyyə sektorunda çətinliyə baxmayaraq, inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb.
"Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib. 2015-ci ildə dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb", —deyə Baş nazir vurğulayıb.
A. Rəsizadə qeyd edib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi vəziyyət yaradıb: "Belə bir zamanda Azərbaycanda iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil. Şübhəsiz ki, ötən il əldə olunmuş nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və prezident İlham Əliyevin düşünülmüş, ardıcıl iqtisadi siyasəti nəticəsində mümkün olub".
Hökumət başçısının sözlərinə görə, belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır: "2015-ci ildə görülmüş işlər də bu məqsədlərə xidmət edib".