İlham MUSTAFA, Sputnik Azərbaycan
BAKI, 15 mart — Sputnik. Bu il bölgəmizə yaz əvvəlki illərə nisbətən daha tez gəldi. Haradasa, 20 gün — bir ay erkən düşən istilər ağacların tez oyanması və çiçək açmasına səbəb olub. Bu da mütəxəsisslərin, eləcə də təssərüfat sahiblərinin narahatçılığına səbəb olub.
Yağan intensiv yağışlar da bu narahatçılığın əbəs olmadığını göstərir. Samuxda olarkən insanların da bu sarıdan meyvə ağaclarından əllərini üzdüklərini gördük.
Söhbətləşdiyimiz Samux rayonu, Qarayeri qəsəbəsi sakini Rasim Quliyev təssərüfatında meyvə ağaclarının ötən illərdən daha tez çiçək açdığını deyib: "Bu da bizi qorxudur. Neçə ildir ki, onsuz da bağçılıqdan yaxşı məhsul götürə bilməmişik. Götürdüyümüz məhsul isə görkəmcə zədəli, ya da cadar olur".
"Ona görə də pula getmir. Artıq 20 ildən çoxdur ki, təssərüfatımda ərik ağaclarının olmasına baxmayaraq, iki dəfə normal məhsul götürməmişəm. Məcburam, baltanı əlimə götürüb hamsını doğrayım, yerini əkin eləyim", —deyir R. Quliyev.
Goranboy rayon sakini, təsərrüfat fəaliyyəti ilə məşğul olan, həmçinin sovet dövründə aqronom işləmiş Arzuman Xasməmmədov da məsələnin ciddiliyindən narahatdır. O, heç bir mütəxəssisin bu məsələyə müdaxilə gücündə olmadığını bildirdi: "Soyuq düşməsə belə, yağış yağacağı təqdirdə çiçəklər tozlanmadan qalacaq. Bu isə məhsulsuzluğa gətirib çıxaracaq. Təbii ki, heç kim bütöv bağların, yaxud ağacların üstünü örtmək imkanında deyil. Biz istəsək də, istəməsək də, yağış yağsa, çiçəyi məhv edəcək. Bu, Allahın işidir".
Görəsən, vəziyyətdən çıxış yolu tapmaq üçün mövcud iqlimə uyğun ağac növləri yetişdirmək mümkündürmü? Aqronom hazırda elmin, texnologiyanın inkişaf etdiyini və belə növlərin yetişdirilməsinin mümkün olduğunu bildirdi. Bunun üçün isə güclü mütəxəsislər prosesə cəlb olunmalıdır.