BAKI, 14 mart — Sputnik. Türkiyənin Baş naziri Əhməd Davudoğlu, Ankaradakı terrorla bağlı sərt açıqlama verib. Sputnik bu barədə Timeturk-ə istinadən xəbər verir.
"Terrorçular və onlardan maşa kimi istifadə edənlər ən ağır şəkildə cəzalandırılacaqlar" deyən nazir, əllərində ciddi kəşfiyyat məlumatları olduğunu bildirib.
"Hücumun reallaşdığı məkandan çıxarılan tapıntılara və kəşfiyyat analizlərinə əsaslanaraq, bu xain hücumu reallaşdıran terror təşkilatına dair konkret məlumatlar əldə etmişik. İstintaqın nəticələri ən qısa zamanda ictimaiyyətlə paylaşılacaq", —deyə Davudoğlu bildirib.
Onun sözlərinə görə, bu mənfur hücumda bütün Türkiyə, ölkənin dincliyi, birliyi, demokratiya hədəfə alınıb: "Ölkəmiz çətin və qeyri-sabit bir coğrafiyada çoxistiqamətli terror hücumlarına hədəf olmaqdadır. Türkiyə Cümhuriyyəti, bundan əvvəl olduğu kimi, bundan sonra da millətimizin birlik və dincliyi üçün terrorla apardığı mübarizəni böyük bir qətiyyətlə davam etdirəcək və ölkəmizi hədəf alan xain mərkəzləri ən ağır şəkildə cəzalandıracaq".