BAKI, 14 mart — Sputnik. Martın 13-də gecə Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucularından 3-ü Banqladeş vətəndaşı, 2-si isə Yardımlı sakinidir.
APA xəbər verir ki, meyitlər Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.
Meyitlər müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil veriləcək.
Ölənlərin adı açıqlanmır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkar edilib və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstəriblər.
“Dövlət sərhədi haqqında” qanunun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunub, nəticədə sərhəd pozucularından 5-i yaralanıb, 2 nəfər isə saxlanılıb. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq, yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.
Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup hadisə yerində olub.
Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.