BAKI, 11 mart-Sputnik. Martın 11-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.
Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissələrin ərazisindəki qərargahlar, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikaları üçün saxlanclar, qarovul şəhərcikləri, sıra meydanları, tibb məntəqələri, hamam-camaşırxana-qazanxana kompleksləri və digər inzibati obyektlərlə tanış olub.
Yeni hərbi hissələrin açılış mərasimində şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri Silahlı Qüvvələrin daim xalqımızın və Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Nazir orduda bütün istiqamətlər üzrə həyata keçirilən islahatların mərhələli surətdə uğurla davam etdiyini, silahlanmaya ən müasir silah-sursatın, digər texniki döyüş vasitələrinin qəbul edildiyini, şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin yüksəldiyini qeyd edib.
"Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, onun texniki imkanlarının genişləndirilməsi ilə bağlı qarşıda icra edəcəyimiz tapşırıqlar var. Silahlı Qüvvələrimizin ən başlıca vəzifəsi xalqımız və dövlətimizin etimadını doğrultmaq, işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etməkdir. Hər bir əsgər və zabit bu məqsədə çatmaq üçün düşmənə qarşı qisas hissi ilə yaşamalıdır" — deyə general-polkovnik Z.Həsənov bildirib.
Son günlər cəbhədə düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edildiyini xatırladan Müdafiə naziri bundan sonra da müxtəlif istiqamətlərdə qarşı tərəfə sarsıdıcı zərbələrin vurulmasının vacibliyini vurğulayıb.
Çıxışının sonunda şəxsi heyəti qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən nazir hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.
Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
***
Sonra Müdafiə naziri Silahlı Qüvvələrin tələblərinə cavab verən ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalının fəaliyyəti ilə tanış olub.
Tibb xidməti personalı ilə görüşən Müdafiə naziri səhra hospitalındakı çeşidləmə, diaqnostika, əməliyyat, reanimasiya, müayinə, komanda-idarəetmə və rabitə bölmələrinə baş çəkib, eləcə də onların fəaliyyəti ilə maraqlanıb.
***
Həmin gün Müdafiə naziri cəbhə xəttində yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüş hazırlığı, müdafiə zolağının daha da təkmilləşdirilməsi, düşmənin istənilən fəaliyyətinin aşkar edilərək ona qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.