BAKI, 11 mart — Sputnik. 9 mart 2016-cı ildə Moskva şəhərində Rusiya Federasiyası İstintaq Komitəsinin Akademiyasında hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası İlham Rəhimovun kitablarının ("Cinayətkarlıq və cəza", "Cinayət və cəzanın fəlsəfəsi", "Cəzanın əxlaqı haqqında") müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Sputnik xəbər verir ki, "dəyirmi masa"da Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası, ədliyyə generalı A.İ.Bastrıkin, eləcə də, məşhur hüquqşünas alimlər, professorlar İ.M.Matskeviç, V.S.Djatiyev, V.İ.Zubkova, A.İ.Çuçaev, S.N.Baburin, Y.V.Qolik, A.İ.Korobeev, T.V.Nepomnyaşaya və başqaları çıxış ediblər.
Kitabın müzakirəsində, həmçinin Rusiyanın ictimai-siyasi xadimləri, o cümlədən Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəhbəri, I dərəcəli həqiqi dövlət müşaviri, iqtisad elmləri doktoru M.V.Mişustin, Rusiya Dövlət Duması "Dövlət Quruculuğu və Konstitusiya Qanunvericiliyi" komitəsinin sədri, hüquq elmləri namizədi V.N.Pligin, Rusiya Federasiya Şurası Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə əlaqə, MDB işləri üzrə komitənin sədri L.E.Slutskiy, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Z.A.İskandarov, Rusiyanın Vəkillik və Notariat Akademiyasının rektoru, hüquq elmləri doktoru, Rusiya Federasiyasının əməkdar hüquqşünası H.B.Mirzəyev çıxış ediblər.
İstintaq Komitəsinin Akademiyasının Elmi Şurasının qərarı ilə professor İ.M.Rəhimov Akademiyanın "Fəxri professoru" adına layiq görülüb. Həmçinin İ.M.Rəhimov Rusiya Vəkillər Gildiyasının "Vəkilliyin inkişafındakı xidmətlərinə görə" fərqlənmə nişanı ilə təltif edilmişdir.