BAKI, 11 mart — Sputnik. "Dünyada neftin qiymətinin aşağı səviyyədə olması uzun müddət davam edə bilməz".
Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda keçirilən paneldə deyib.
"Neftin qiyməti neft istehsal edən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda neftin qiymətlərinin 4 dəfə aşağı düşməsi neft hasil edən ölkələr üçün yaxşı hal deyil", —deyə nazir bildirib.
N. Əliyevin sözlərinə görə, qiymətlərin çox yüksək olması da digər ölkələr üçün yaxşı hal deyil: "Hər tərəf üçün məqbul qiymətin olmasını istəyirik. Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrin neft istehsalı ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir. Bu da son nəticədə neft hasilatını azaldır".
"Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri tədricən artacaq", —deyə o, əlavə edib.
Nazirin fikrincə, müvafiq bir qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun: "Neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsinlər".