BAKI, 10 mart — Sputnik. Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı moderator.az saytına verdiyi müsahibədə professor Qulu Məhərrəmlinin səsləndirdiyi tənqidi fikirlərə görə üzünü təhqir olunmuş sayan AzTV-nin sədri Arif Alışanov professoru məhkəməyə verib. A.Alışanov Nəsimi rayon məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Q.Məhərrəmlinin isə, Sputnik-ə açıqlamasında barəsində verilən şikayətə münasibəti belə olub: "Onun şikayət ərizəsində məni niyə ittiham etdiyini dəqiq müəyyənləşdirə bilmədim. Məlum müsahibədə mən Azərbaycan televiziyasının tarixini qısaca təhlil etmişəm, bugününə nəzər salmışam, yaxşısı-pisi barədə mülahizələrimi söyləmişəm, təhlükəli saydığım tendensiyaları göstərib bunları doğuran bəzi səbəblər haqqında danışmışam".
Xatırladaq ki, Q.Məhərrəmlinin məlum müsahibəsindən sonra onunla AzTV-də birgə çalışmış bir qrup əməkdaş etiraz əlaməti olaraq video-rolik yayımlayıblar.