BAKI, 10 mart — Sputnik. Dövlət başçısı "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 4 mart tarixli qanununun tətbiqi haqqında sərəncan imzalayıb. Dəyişikliyə əsasən, artıq Mərkəzi Bankın statusu dəyişib, dövlət orqanı deyil, publik hüquqi şəxsdir.
"Pul-kredit (monetar) siyasəti yenə də Mərkəzi Bank tərəfindən aparılacaq. Sadəcə olaraq Mərkəzi Bankın nəzarət, tənzimləyici funksiyaları əlindən alınıb. O da tam əlindən alınmayıb. Məsəl üçün, Mərkəzi Bank banklara lisenziya verirdi və lazım olanda geri alırdı. Bu səlahiyyət əlindən alınıb".
Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, lisenziya işi bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılacaq.
"Bankların fəaliyyətinə nəzarət də Palata tərəfindən həyata keçiriləcək. Düzdür, bu, qismən də olsa, Mərkəzi Bankda qalıb. Yəni, sırf nəzarət və tənzimləmə funksiyaları Mərkəzi Bankın əlindən alınıb. Ancaq yerdə qalan səlahiyyətlər Mərkəzi Bankın əlindədir", —deyə ekspert bildirib.
İqtisadçı əlavə edib ki, ölkədə milli valyutanın məzənnəsinin tənzimlənməsi, pul-kredit siyasəti — bunlar hamısı yenə də Mərkəzi Bank tərəfindən həyata keçiriləcək: "Sığortaya nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi. Amma Prezidentin Fərmanından sonra sığortaya, qiymətli kağızlara, lotereyaya nəzarət Palata tərəfindən həyata keçiriləcək".
"Mərkəzi Bank aradan çıxdı. Ümid edək ki, fəaliyyətə başlayacaq Palata xəstə bank sistemini reanimasiyaya ötürməyəcək. Qüvvəyə minmiş qanunlara əsasən bu gündən Mərkəzi Bank bank nəzarəti səlahiyyətlərini itirdi".
Bunu isə bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov öz şəxsi "Facebook" səhifəsində paylaşıb. Onun sözlərinə görə, bu səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək: "Düzdür, həmin Palata da hələlik fəaliyyətə başlamayıb. Formal yanaşsaq, bu gündən müvəqqəti olaraq (Palata işinə başlayanadək) banklar özbaşına, nəzarətsiz qaldı. Düzdür, Mərkəzi Bank onsuz da nəzarəti elə həyata keçirirdi ki, olmasından olmaması daha yaxşı idi".
"Prinsipcə, Mərkəzi Bank digər əsas funksiyasını (pul siyasətini) da çox bərbad həyata keçirir və bunun nəticəsi — davam edən manatın devalvasiyası göz qabağındadır. Lakin ümumən Mərkəzi Bankın rəhbərliyi maliyyə sistemimiz üçün çox çətin bir dövrdə məsuliyyətinin bir hissəsindən (bank nəzarətindən) yaxasını qurtardı. O cümlədən ona ünvanlanan sual və iradlardan da qurtuldu", —deyə ekspert yazıb.
"Mərkəzi Bank bank nəzarəti sahəsində ictimaiyyətin suallarına cavab vermək vəzifəsindən qurtuldu. Bütün sualları ötürəcək Palatanın üzərinə", — Ə. Həsənov qeyd edib.
O, daha sonra yazıb: "Palataya ümidələrim böyükdür. Ümid edirəm ki, orada xəstə banklarımız şəfa tapacaq və onların palatadan reanimasiyaya köçürülməsinə ehtiyac olmayacaq. Həmçinin istərdim ki, Palata tezliklə açıq qalan suallara aydınlıq gətirsin. Heç olmasa fəaliyyətinin ilk 100 günü ərzində…".