BAKI, 9 mart-Sputnik. Ermənistan xarici işlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu təhrif edilib.
"Sputnik"-in məlumatına görə, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın "Kommersant" qəzetinə müsahibəsini şərh edərkən deyib.
O bildirib ki, sanki E.Nalbadyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur.
H.Hacıyev həmçinin deyib: "Rəsmi Yerevanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli prosesinə guya sadiq olduğunu iddia edən Ermənistan xarici işlər naziri heç vaxt özündə cəsarət tapıb yenilənmiş Madrid prinsiplərinə istinad etmir. Bu da təsadüfi deyildir.
Ermənistan rəsmisinin yaddaşını təzələmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri təqdim olunmuşdur. Münaqişənin mərhələli həlli üzrə yol xəritəsi rolunu oynayan yenilənmiş Madrid Prinsiplərinin 1-ci bəndində işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması nəzərdə tutulur.
Məzmunsuz şablon ifadələr və ikinci dərəcəli texniki məsələlər əvəzinə Ermənistan xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsinə aydınlıq gətirməlidir.
Lakin, Azərbaycanın işğal olunmuş ərazilərinin hərbi işğalını və status-kvonu hər vəchlə davam etdirməyə çalışan, işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma, iqtisadi və digər fəaliyyətlər həyata keçirən Ermənistanın əməlləri bir daha onu sübut edir ki, rəsmi Yerevanın məqsədi əslində sülh prosesi imitasiyası adı altında Azərbaycan ərazilərinin ilhaqıdır.
ATƏT Minsk Qrupunun həmsədrləri də özlərinin təklif etdiyi yenilənmiş Madrid Prinsiplərinə və BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidirlər. Yalnız bu zaman münaqişənin həllində irəliləyişə nail olmaq mümkündür."
Xatırladaq ki, Nalbandyan sözügedən müsahibəsində deyib ki, Ermənistan Minsk qrupunun münaqişənin nizamlanası istiqamətindəki cəhdlərini yüksək qiymətləndirir. Lakin Azərbaycan bu barədə fərqli fikirdədir. İndiyədək münaqişənin həll olunmamasına görə həmsədrlərin və Ermənistanın günahı olmadığının deyən erməni nazir, həmsədrlərin təklifləri əsasında münaqişənin nizamlanmasına tərəfdar olduqlarını bildirib.
O deyib ki, buna baxmayaraq, Azərbaycan tərəfi həmsədrlərin təklifləri ilə razılaşmır. Hətta Bakı həmsədrləri islamofobiyada günahlandırır, Ermənistana təzyiq göstərmədikləri təqdirdə görüşlərin mənasız olduğunu bildirir.
"Görünür, Azərbaycanda həmsədrlərin rolunu düzgün başa düşmürlər" — deyən Nalbəndyan əlavə edib ki, həmsədrlərin rolu ilk növbədə dialoqun baş tutmasına çalışmaq, görüşləri təşkil etmək, tərəflərin mövqelərini yaxınlaşdırmaqdır, tərəflərə hansısa təzyiq göstərmək deyil.
Həmsədr ölkələrin Qarabağ probleminin həlli üçün konkret təkliflərlə çıxış etdiyini vurğulayan Nalbanyan deyib ki, bu ölkələrin prezidentlərinin Dağlıq Qarabağla bağlı beş məşhur bəyanatı var.
"Ermənistan tərəfi münaqişənin bu əsasda tənzimlənməsinə tərəfdar olduğunu bildirsə də, Azərbaycan indiyə qədər özünü elə aparır ki, sanki belə bir münaqişə olmayıb. Bu danışıqların alternativi yoxdur. Biz münaqişənin dinc yolla tənzimlənməsi üçün həmsədrlərlə birgə səylərimizi davam etdirəcəyik." — deyə erməni nazir bildirib.
Azərbaycanın son illərdə hərbi xərclərini dəfələrlə artırdığını deyən Nalbəndyan ölkəmizi təmas xəttində tez-tez təxribatlar törətməkdə də ittiham edib. O, Azərbaycanı danışıqların formatını dəyişməyə cəhd göstərməkdə də suçlayıb.
Münaqişənin həllində Türkiyənin roluna gəldikdə isə, Ermənistanın xarici işlər naziri deyib ki, "Əgər Türkiyə Dağlıq Qarabağ probleminin həllini həqiqətən də istəyirsə, nizamlama prosesindən mümkün qədər uzaqda dayanmalıdır".