BAKI, 9 mart — Sputnik. Kürd xalqının Yaxın Şərqdə, həmçinin dünyada ən çox tanınan müğənnisi Şivan Pərvər İraqın şimalında İŞİD-ə qarşı döyüşən ordu birliklərini ziyarət edib. Ziyarət əsnasında hərbçi qadınlarla da görüşən sənətçi onların 8 mart bayramını təbrik edib.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, hərbçilər önündə duyğusal mesajlar verən Şivan Pərvər, Türkiyənin cənub-şərqində ordunun PKK-ya qarşı yürütdüyü anti-terror əməliyyatlarına da toxunub.
Heç bir terror təşkilatı kürd-türk qardaşlığını zədələyə bilməz deyən müğənni, bu iki xalqın minillərdir birgə qardaş kimi yaşadığını xatırladıb:
"Türklər və kürdlər əsrlərdir birlikdə yaşayır və əbədiyyətə qədər də qardaş qalacaqlar. Ortada həll oluna bilməyəcək heç bir problem yoxdur. Ümid edirəm, bu torpaqlarda sülh tezliklə bərqərar olar".