BAKI, 8 mart — Sputnik. 8 martda qadınlar hədiyyə gözləyir, kişilərsə çiblərinə uyğun hədiyyə seçimi ilə uğraşırlar. Xüsusilə son dövrlər devalvasiya, bahalaşma və işsizlik kişiləri bayram günlərində çətin vəziyyətə qoyub. Hətta sosial şəbəkələrdə bayramın keçirilməsi ilə bağlı gileyli status yazan bəylər də az deyil. Bunları nəzərə alaraq Sputnik-in əməkdaşı bəzi bəylərin 8 martla bağlı fikirlərini öyrənib: "8 martı qeyd etməliyikmi?" deyə.
Kənan Məstəliyev — idman jurnalisti: "Devalvasiyaya görə bayramları təxirə salacağıqsa, vay halımıza. O zaman Novruz bayramını da qeyd etməyək? 8 mart da, 14 fevral da, Novruz da, Respublika günü də, digərləri də qeyd olunmalıdır. Təbii ki, hərə öz imkanına görə. 8 martı çox şişirdirik. Uzaqbaşı əvvəl 5 qızılgüldən ibarət buket düzəltdirirdiksə, bu dəfə 3, lap 1 qızılgülə endirəcəyik. Yəni bu məsələ o qədər də qlobal problem deyil. Pul azdırsa, beyin işə düşməli, müxtəlif variantlar fikirləşmək lazımdır. Sizi əmin edə bilərəm: cəmi 5 manata belə, çox gözəl hədiyyə düzəltmək olar. Bayramdan qorxmaq olmaz. Bir də ki, sevgiliniz, həyat yoldaşınız, ya digər zərif cinsin nümayəndəsi də İspaniyada yaşmır. Onlar da durumdan xəbərdardırlar, baş verənləri anlayırlar. Bir az kreativ olaq, dostlar. Problem öz-özünə həll olunacaq".
Mehman Muradli — Hüquqşünas: "8 mart bütün dünyada qadınların bayramı kimi qeyd edilir. Bu bayramın bizdə qeyd edilməməsi doğru olmazdı. Azərbaycan qadınının üzərinə həmişə 3 iş düşüb: ailə, övlad və işləmək. Bu 3 yükü üzərinə götürən Azərbaycan qadınını, əlbəttə, bayramını qeyd etməlidir. Heç bir devalvasiya, təbii fəlakət, müharibə qadınların bayramını qeyd eləməyə mane ola bilməz. Qadını bir sözlə, bir hərəkətlə də xoşbəxt etmək mümkündür. Bunu əsirgəməmək lazımdır. Əlbəttə, hər bir kişi istəyər ki, qadınına, anasına, qız övladına dəyərli hədiyə alsın. Maddi durumun stabil olmaması bu arzumuzu reallaşdırmağa tam imkan vermir. Həm də ildən-ilə zövqlər dəyişir, münasibətlər fərqli olur. Bu səbəbdən adama elə gəlir ki, bayram dəyərini itirir. Amma məncə, elə deyil. Bir şey var ki, istənilən qadını bir ədəd güllə də təbrik edib onların üzünə təbəssüm gətirə bilərik".
İsmayıl Əhməd — "Karvan" jurnalının baş redaktoru: "Əvvəla 8 martın dünya qadınları ilə heç bir əlaqəsi yoxdur. ABŞ-da bir dəstə qadın küçələrə çıxıb etiraz edirsə, bundan bizə nə? Əgər biz tarixə qadın gününü salmaq istəyiriksə, bunun üçün yenə də hansısa günü gözləmək qeyri-ciddilikdir. Ümumiyyətlə, dünya hansı qadını azad etdi?! Lüt-üryan edib reklam çarxlarına çəkdiyini? Yoxsa asılılıq vəziyyətinə salıb əxlaqsız filmərə dəvət etdiyi qadını? Bu gün bir dəstə gül verib, sabah ev işlərinə məhkum edilən, diplomu əlində qalıb əri tərəfindən işləməyə icazə verilməyən qadınları təbrik etmək istəyirsinizmi? Yoxsa yetginlik yaşına çatmadan ənənəyə sadiq qalaraq ərə verilən və oğlan uşağı doğmadığı üçün abort etməyə vadar edilən qadını? Bir sözlə, azad qadını doğa biləcək azad qadın doğulmalıdır".
Vusal Məmmədov — azvision.az saytınıın redaktoru: "Bizə bu şəkildə 8 mart qətiyyən lazım deyil. "Qadınlar günü" adlı bayramın olmasının özü absurddur. Qadın — olduqca geniş anlayışdır axı, bir kişinin həyatında çox qadın ola bilər: anası, bacıları, həyat yoldaşı və ya sevgilisi, iş yoldaşları, dostları… Mən hələ uşağın müəllimlərini demirəm! Dəhşətli bir şeydir, bunların hamısını təbrik etmək praktik olaraq mümkün deyil. Yazıq kişi isə təkdir, axı! Düzdür, bəzən problem təkcə kişilik olmur: uşağın anasını dərd götürür ki, müəlliməyə nə verim?.. Bunun harası bayram oldu? Qadınlar günündə ananın probleminə baxın… Pişik asqırsın belə bayrama! Ona görə də, bu ümumi "qadınları günü"nü ləğv edib, xüsusi qadınlar günləri təsis etmək lazımdır — tutaq ki, analar günü, bacılar günü, həyat yoldaşı günü, sevgililər günü, müəllimələr günü… Hansı varsa, təkrarlamamaq şərtilə. Qadını sadəcə qadın olduğuna görə təbrik etmək çox məntiqsizdir. Bir anlıq işin mahiyyətini düşünək də: "Əzizim, səni təbrik edirəm, çünki sən qadınsan". Nə olsun? Cinsi əlamətə görə də insanı təbrik edərlərmi?! Axmaqlıq deyilmi?! Bu cür "bayram"lar kimlər üçünsə biznesdir, yazıq orta statistik kişi üçün isə dərd. Biz hər şeyi belə tərsinə edirik: toya dəvət alanda sevinmək əvəzinə dilxor oluruq, bayram yaxınlaşanda şadlanmaq yerinə, qanımız it qanına dönür. Niyə? Çünki ictimai münasibətlər kökündən səhv və absurd qurulub. Bu münasibətlər sistemi mütləq dəyişməli, insanlara problem yaratmayan toy və bayramlar formatı tapılmalıdır".