BAKI, 7 mart — Sputnik. 23 aprel 2002-ci ildə Bakıda, dünyada yeganə və ilk olan Miniatür Kitab Muzeyi açılıb. Muzeydə dünyanın bir çox mədəniyyətlərinə, ədəbiyyatına, incəsənətinə aid olan miniatur kitabları görmək olar.
Muzeyin yaradıcısı Zərifə Salahova ilk dəfə olaraq 1982-ci ilin noyabr ayında Moskvada İ. Krılovun təmsillərinin tam külliyyatının kiçik formatda nəşrini əldə edir. Həmin gündən o, qərara alır ki, miniatür kitabların kolleksiyasını toplasın. Zərifə xanım 34 il ərzində 7500-dən çox miniatür kitab toplaya bilib.
Bu muzeydə 68 ölkədə nəşr olunmuş 5600-dən çox miniatür kitab, o cümlədən 75x75 mm qədər olan 2913 sayda miniatür kitab nümayiş etdirilir. Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərindən "Toppan" nəşriyyatında dərc olan 4 mikrokitab hesab edilir. Onlardan birinin ölçüləri 0,75x0,75 mm və 3-nün ölçüləri isə 2x2 mm təşkil edir. Eləcə də alman istehsalı olan mikrokitablardan: 1-nin ölçüləri 2,0x2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5x3,5 mm (münhen) olan kitablar var.
Muzey ekspozisiyaları ilə tanışlıq Azərbaycanda nəşr edilən kitablarla başlayır. Burada geniş şəkildə Azərbaycan klassik ədəbiyyatı, elm və incəsənəti təmsil edilib. Nizami, Füzuli, Nəsimi, Vaqif, Natəvan, Mirzə Fətəli Axundov kimi yazıçı və şairlərin, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fərhad Bədəlbəyli, Hüseyn Əliyev, Fuad Seyidzadə kimi dahi rəssam və musiqiçilərin miniatür kitabları muzeydə sərgilənir. Eyni zamanda Türkiyənin dövlət qurucusu Mustafa Kamal Atatürkün 3 cildlik çıxışları, Türkiyə prezidenti Abdulla Gülün, Rusiya prezidentləri V. V. Putin və D. A. Medvedyevin, Belarus prezidenti A. Q. Lukaşenkonun və İsveçrə prezidenti Mişlin Kalmi Reyin rəsmi səfərini əks etdirən mini kitablar sərgilənir.
Muzeydə Aleksandr Sergeyeviç Puşkinin əsərlərinin miniatür kitablarını da görə bilərik. Puşkinlə yanaşı A. Çexovun 8 cildlikləri, F. Dostoyevskinin 3 cildliyi, N. Qoqolun və A. Tolstoyun 2 cildliyi, A. Kuperin povest və hekayələri, M. Bulqakovun "ysta və Marqarita"sı, A.Qriboyedovun "Ağıdan bəla" əsərlərinin miniatür kitablarının ekspazisiyasında xüsusi yer alır. Əlişir Nəvainin "Fərhad və Şirin" poemasını, Ömər Xəyyamın "Rübailələr"ini də eksponat kimi misal göstərmək olar.
Muzeydə Tatarıstasn, Başqırdıstan, Yuxarı, Orta və Aşağı Volqaboyu nəşriyyatlardan olan mini kitablar da var. Mustafa Kərim, M. Qafuri, H. Tufan, Rəsul Həmzətov kimi yazarların kitabları yer alır.
Zərifə xanım muzeydə idman guşəsi də yaradıb. Ən kiçik idman kitabları burada öz yerini alıb. "Sidney-2000", iki cildli "Afina-2004" və "Pekin —2008", "London-2012", "Olimpiya andı" 15x20 mm ölçüdə, "1952-1980-ci illər Olimpiya oyunları" kitabları turistlərin diqqətini cəlb edir.
Muzey ziyarətçilərinin diqqətini Çin Xalq Respublikasının xırda kitabcıqlarının nümayiş etdirildiyi kitablar da çəkir. U.Şekspirin 1841-ci ildə Nyu-Yorkda 50x73mm ölçüdə çap edilən seçilmiş əsərlərinin tam külliyatının 40 cildindən 24 cildi, eləcə də Şekspirin XX əsrin əvvəllərində Londonda 33x40 mm ölçüdə çap edilən əsərlərinin 40 cildlik tam külliyyatı nümayiş olunur. Eyni zamanda muzeydə "Quran", "Bibliya" və başqa dini kitabların da miniatür formaları qorunub saxlanır.
Qeyd edək ki, miniatür kitabların sərgisi Kabul (1988), Dakka (1991), Hayfa (1994), Hay-Rou, ÇXR (1995), Moskva (1997 və 2000), Sidney (2000), Ankara (2005), Paris (1999 və 2006-cı illərin iyul və dekabr aylarında) və Havanada (2011 və 2014) sərgilənib.