BAKI, 4 mart — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"nin təsdiq edilməsi haqqında qanun layihəsi qəbul olunub.
Sputnik xəbər verir ki, bankın məqsədi infrastruktur və iqtisadiyyatın digər sahələrinə sərmayə yatırmaqla Asiyada davamlı iqtisadi inkişafı gücləndirmək, sərvət formalaşdırmaq və infrastruktur bağlantısını yaxşılaşdırmaqdır. Bundan başqa, digər ikitərəfli və çoxtərəfli inkişaf institutları ilə yaxından əməkdaşlıq etməklə inkişaf problemlərinin həlli istiqamətində regional əməkdaşlığı və tərəfdaşlığı təşviq etməkdir.
Banka üzvlük Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və ya Asiya İnkişaf Bankının üzvləri üçün sərbəstdir.
Bankın təsdiqlənmiş nizamnamə kapitalının hər birinin nominal dəyəri yüz min ABŞ dolları olan və Sazişin 5-ci maddəsinin tələbinə əsasən yalnız üzvlərin əldə edə biləcəyi bir milyon səhmə bölünmüş yüz milyard ABŞ dolları təşkil edir. Azərbaycanın üzvlük kapitalı 254,1 milyon dollar, səhmlərin sayı isə 2541 təşkil edir.
Bank müvafiq hüquqi müddəalara uyğun olaraq, üzv ölkələrdən borc almaqla və ya digər vasitələrlə öz maddi ehtiyaclarını təmin edə bilər. Bank emissiya etdiyi, zəmanət verdiyi qiymətli kağızları, həmçinin investisiya qoyduğu təşkilatın qiymətli kağızlarını ala və ya sata bilər. Bankın digər səlahiyyətləri də var.