CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Könüllülər gələcəkdə polis sıralarına cəlb oluna bilər”

© ReportOrxan Mansurzadə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi
Orxan Mansurzadə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi - Sputnik Azərbaycan
Abunə olmaq
Orxan Mansurzadə: Sosial şəbəkələrdə “ictimai polis”lə bağlı yayılan bəzi mənfi rəylər, fikirlər həqiqəti əks etdirmir.

BAKI, 4 mart — Sputnik. Prezident İlham Əliyev 2 mart 2016-cı il tarixli fərmanı ilə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”nı təsdiq edib. 

Bu Qayda cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş “Cəmiyyət dəstəkli polis” layihəsinin davamı olaraq hazırlanıb və vətəndaşların ictimai asayişin qorunmasında iştirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi qaydalarını müəyyən edir. 

Sözügedən sənəd təsdiq olunar-olunmaz, ictimaiyyətdə onunla bağlı bir sıra suallar meydana çıxdı: Vətəndaşların ictimai asayişin qorunmasına cəlb olunması hansı zərurətdən doğub? Bu qaydaların tətbiqi mexanizmləri necədir? İctimai polis həqiqətən də vətəndaşların asayişini qoruyacaq, yoxsa, hakimiyyətin? Hətta sosial şəbəkələrdə bu qaydaların əleyhdarları belə fikirlər səsləndirdilər ki, hakimiyyət neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və manatın devalvasiyası fonunda ictimai asayişin pozulacağından ehtiyatlanaraq belə bir addımı atmağa məcbur olub. Biz də cəmiyyəti narahat edən bu sualları vətəndaşların polis orqanları ilə əməkdaşlığını təşkil edəcək Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadəyə ünvanladıq. DİN rəsmisi ilə söhbətimiz öncədən planlaşdırılmış olmasa da, bu mövzuda cəmiyyəti düşündürən sualların əksəriyyətinə cavab almağa çalışdıq. Beləliklə, O. Mansurzadənin Sputnik-ə müsahibəsi ni təqdim edirik.

- Orxan müəllim, “ictimai polis” anlayışı özündə nəyi ehtiva edir və kifayət qədər böyük polis ordusu olan Azərbaycanda ictimai asayişin qorunmasına sıravi vətəndaşların cəlb edilməsi hansı zərurətdən doğub? 

— Bu, sırf vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsi və irəli aparılması üçün çox vaxtında verilmiş, mütərəqqi  addımdır.  “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”nın birinci bəndindən də göründüyü kimi, bu Qayda cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş “Cəmiyyət dəstəkli polis” layihəsinin davamı olaraq hazırlanıb və vətəndaşların ictimai asayişin qorunmasında iştirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi qaydalarını müəyyən edir. Bundan əvvəl də, yəni 2006-cı ildən də daxili işlər orqanlarında polislə vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, vətəndaşların daha çox ictimai asayişin qorunmasına cəlb olunması məqsədinə xidmət edən layihələr həyata keçirilib. Bu layihə vaxtilə ATƏT-in Bakı ofisinin dəstəyi ilə reallaşmışdı. “Cəmiyyət dəstəkli polis” adlanan layihə bir pilot layihə olaraq respublikanın bir sıra bölgələrində, daha sonra bütün ərazisində həyata keçirilmişdi. Dinamikaya nəzər salsaq, görərik ki, cənab Prezidentin 2007-ci ilin 12 martında "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Sərəncamı olmuşdu, daha sonra inzibati sahə rəislərinin nəzdində ictimai şuralar yaradılmışdı. Yəni cənab Prezidentin sonuncu fərmanını, bu istiqamətdə əvvəllər atılmış addımların ən təkmili, mütərəqqisi hesab etmək olar. 

Qaydalarda həmçinin göstərilir ki, kimlər ictimai asayişin qorunmasına cəlb oluna bilərlər. Könüllülük prinsipi əsasında polisə yardım etmək missiyasını daha yetkin — 20-24 yaş arasında olan vətəndaşlarımız yerinə yetirəcəklər. Buna gələcəkdə polis orqanlarında işləmək istəyən vətəndaşlar üçün bir şans kimi də baxmaq olar. Əgər dünənə qədər bu işə ümumi vətəndaşlar cəlb olunurdularsa, indi daha konkret yaş həddi olan və qoyulan tələblərə konkret cavab verən, daha gənc vətəndaşlarımız cəlb olunacaqlar. Artıq polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər.

Bu heç bir halda polisin fəaliyyətini əvəz eləmir. Burada məqsəd ölkədə sabitliyin, təhlükəsizliyin təmininin hər bir vətəndaşın marağında olmasını əyani şəkildə göstərməkdir. Konstitusiyanın 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir vətəndaş asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə maraqlı olmalıdır. Polisin qarşısında duran vəzifələr, cəmiyyətin hər bir üzvünün marağında olan vəzifələrdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında iqtisadi qüdrətimizin, dinamik inkişafın əsasında dayanan əsas faktorlardan biri kimi ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi göstərib. Həm Konstitusiyanın tələbindən, həm də cənab Prezidentin həyata keçirdiyi siyasətin məntiqi nəticəsindən doğan bir məsələdir ki, hər bir vətənini sevən, ölkəsinin daha da qüdrətlənməsini, çiçəklənməsini istəyən şəxs bu məsələyə vətəndaşlıq borcu kimi yanaşmalıdır. 

- İctimai asayişin qorunmasında könüllü iştirak vətəndaşlarımıza nə vəd edir? 

— Gələcəyini polis orqanlarında görən, taleyini çoxminli polis ordusuna bağlamaq istəyənlər üçün imkan yaranır ki, ictimai asayişin qorunmasına bu formada cəlb olunsunlar. Qaydalarda da göstərildiyi kimi, ən azı 2 il bu formada asayişin qorunmasında iştirak edən şəxslər polis orqanlarına işə qəbul ediləndə də daha yetkin, daha hazırlıqlı olacaqlar. Onların polisdəki fəaliyyəti də daha məqsədəmüvafiq olacaq.

— Son vaxtlar daxili işlər nazirinin bölgələrdə keçirirlən vətəndaş qəbullarına da nəzər sala bilərsiniz. O zaman görərsiz ki, həqiqətən də Azərbaycan Polisinin sıralarında xidmət etmək istəyən insanların sayı çoxdur.  Hesab edirik ki, bu fərmanın icrası ölkədə ictimai asayişin qorunmasına, polis-vətəndaş münasibətlərinin daha da sıxlaşmasına, cəmiyyətdə polisin nüfuzunun daha da yüksəlməsinə kömək edəcək. Bu da bütövlükdə ölkədə sabitliyin, əmin-amanlığın qorunmasına, cinayətkarlığın üstünün açılma faizinin artırılmasına öz əməli təsirini göstərəcək. 

- İctimai asayişin qorunmasında vətəndaşların iştirakçılığı mexanizmi necə olacaq? Onlar ilk olaraq hara müraciət etməlidirlər? 

— Biz elan vermişik ki, martın 15-də Bərdə şəhərində cənab nazir tərəfindən həm Bərdə, ətraf rayonların polis orqanlarında işləmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. Daxili işlər naziri sıra baxışını keçirir və həmin parametrlərə uyğun gələnləri özü şəxsən seçərək onların sənədlərinin hazırlanmasına dair müvafiq məsul şəxslərə göstərişlər verir. Bundan əvvəl də qəbul bu formada keçirilirdi. Amma indi polis orqanlarında çalışmaq istəyən şəxslərdən əlavə, ictimai polisdə də çalışmaq arzusunda olan şəxslər sıra baxışında iştirak edəcəklər. Eyni prosedurlar onlara da şamil olunacaq. Daha çox uyğun gələn, daha fəal, dünyagörüşəri, fiziki, işgüzar və mənəvi cəhətləri ilə fərqlənən şəxslər gələcəkdə polis orqanlarında öz yerlərini tuta biləcəklər. 

- Sosial şəbəkələrdə narahatlıq var ki, ictimai asayişin qorunmasına cəlb olunan vətəndaşlar daha çox mitinqlərin, kütləvi etiraz aksiyalarının yatırılmasında istifadə olunacaq, nəinki ictimai asayişin bərpasında və cinayətkarlıqla mübrizədə… 

— Sosial şəbəkələrdə istənilən şəxs öz istənilən fikrini ifadə etməkdə sərbəstdir. Biz demokratik cəmiyyətdə yaşayırıq. Hər bir şəxsin hüquqlarına hörmətlə yanaşılmalıdır. Amma orada səslənən fikirlərin bir çoxu diletant fikirlərdir, polis peşəsindən, onun incəliklərindən, bu sahəyə tam aidiyyatı olmayan şəxslərin şərhləridir ki, onları da cəmiyyətin yetkin hissəsinin, bütün xalqın rəyi kimi təqdim etmək, qabartmaq düzgün deyil. Dünyanın istənilən ölkəsi üçün bu aksiomadır ki, cəmiyyətin, vətəndaşların köməyi, könüllü iştirakı olmadan, dövlət qurumları, polis orqanları, asayiş keşikçiləri bu vəzifələrin öhdəsindən uğurlu gələ bilməz. Artıq 10 ildən çoxdur ki, vətəndaşların ictimai asayişin qorunmasına cəlb olunması istiqamətində inkişaf dinamikası mövcuddur, “Cəmiyyət dəstəkli polis” layihəsindən tutmuş Prezidentin son fərmanına qədər. Bu prosesə cəlb olunmuş şəxslərin hansı hüquqlar çərçivəsində fəaliyyət göstərəcəkləri Qaydalarda aydın şəkildə əksini tapıb. Ona görə də, sosial şəbəkələrdə yayılan fikirlərə çox da fikir vermək lazım deyil. İctimai polislə bağlı KİV-də bir sıra tanınmış hüquqşünasların, ekspertlərin, millət vəkillərinin çox dəyərli fikirləri əks olunub. “Cəmiyyət dəstəkli polis” layihəsindən yola çıxılaraq atılan bu addımların hamısı ölçülüb-biçilmiş, cəmiyyətin həyatı, ölkəmizdə sabitliyin qorunması, cinayətkarlıqla uğurlu mübarizə üçün vacib olan addımlardır. Bu addımlar sayəsində cəmiyyətdə ictimai asayişin qorunmasında vətəndaşların rolu artıb, cinayətkarlıq azalıb, cinayətlərin üstünün açılması halları çoxalıb. Cəmiyyət amorf bir şey deyil, canlı orqanizmdir və istənilən uğur qazanmış, ictimai-siyasi sabitlik əldə olunmuş ölkələrə nəzər salsanız, görərsiniz ki, adlar fərqli olsa da, hamısında bu cür layihələr reallaşdırılıb. İngiltərə, Fransa, Avropa Birliyinin bir sıra ölkələrində, elə Türkiyənin özündə belə layihələr həyata keçirilib və həmin layihələr indi də öz müsbət təsirini göstərməkdədir.

Biz velosiped icad etmirik, sadəcə mütərəqqi dünyanın təcrübəsindən istifadə etməklə, öz reallıqlarımızı da nəzərə almaqla daha təkmil bir institut yaradırıq. Bu fərmanın icrası sadəcə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə, vətəndaşların polisə dəstəyinin maksimum dərəcədə artırılmasına xidmət edəcək. Belə addımlar həm də Azərbaycan Respublikasınln Prezidenti cənab İlham Əliyevin «Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır» tələbinin rəhbər tutularaq sosial funksiyaları daha effektli yerinə yetirməyə, zamanın tələbinə və dünya təcrübəsinə uyğun müasir iş metodlarının tətbiqinə  imkan verəcək.      

Xəbər lenti
0