Hikmət Carçılı
BAKI, 4 mart — Sputnik. Qazax rayonunun mərkəzi küçələrində köhnə işıq dirəkləri yenisi ilə əvəzlənib. Qanunən bu yeniləmə şəhərin bütün küçələrinə aid edilsə də, görünən odur ki, yeni ağ dəmir dirəkləri quraşdıran podratçı təşkilatın işçiləri arxa məhəllələrə keçəndə büdcəyə qənaət ediblər. Şəhərin mərkəzindən keçən Heydər Əliyev küçəsində dirəklər tamamilə yenisi ilə əvəz oldunduğu halda, Sərdar Carçıyev, Azadlıq və Bakı küçələrində çox az hissəsi təzələnib.
Məsələylə bağlı Qazax rayon Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkənin rəisi Elşad Məmmədov yerində olmasa da, idarənin işçiləri problemin aradan qaldırılacağını bildirdilər.
"Bununla bağlı konkret bir söz deyə bilmərik. İşə məsul, adını bilmədiyimiz, podratçı təşkilatdır. Mühəndis Hidayət Axundovla əlaqə saxlayıb, ətraflı məlumat ala bilərsiniz. Yalnız onu deyə bilərik ki, yaxın zamanda işıq dirəkləri şəhərin bütün küçələrində yenisi ilə əvəz olunacaq", —deyə Şəbəkədən Sputnik-ə bildirildi.
Mühəndis Hidayət Axundovla əlaqə yaratdıq. Məsələdən xəbərdar olduğunu bildirsə də, Qazax rayon Elektrik Şəbəkəsinin işçilərindən fərqli olaraq o, arxa məhəllələrdə dəyişməyən işıq dirəklərinin yenisi ilə əvəz olunmayacağını dedi: "İşi aparan podratçı təşkilatın adını bilməsəm də, sualınıza cavab olaraq deyim ki, yeniləmə yalnız köhnə dirəklərə aiddir. O biri beton və köhnə dəmir dirəklər möhkəm olduğuna görə, yerində saxlanıb".