BAKI, 3 mart-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik prezident-az-a istinadla xəbər verir ki, İlham Əliyev Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Əlaqələrin möhkəmləndirilməsində Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin səmərəli olduğunu qeyd edən dövlət başçısı, ötən dövr ərzində komissiya tərəfindən bir sıra məsələlərin icra olunduğunu vurğulayıb. O, bildirib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. Bu isə əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymətdir.
Ölkələrimiz arasında ticarət dövriyyəsinə toxunan İ.Əliyev Azərbaycan məhsullarının Rusiyaya ixracının həcminin artırılması ilə bağlı fəal iş aparıldığını deyib. Onun sözlərinə görə, ölkəmiz Rusiya ixracının Azərbaycan idxalında ənənəvi olaraq mühüm yerlərdən birini, hətta birinci yeri tutmasında maraqlıdır.
İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar sahələrdə mövcud olan ikitərəfli münasibətlərə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini deyib. Regional miqyasda müvafiq strukturlar çərçivəsində əməkdaşlıq formatının yaradıldığını, regional forumların keçirildiyini, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib. O, bu işə hər iki ölkənin siyasi rəhbərliyinin təkan verdiyini, ölkələrin müvafiq qurumlarının vahid istiqamətdə fəaliyyət göstərdiklərini vurğulayıb.
Dmitri Roqozinsə öz növbəsində deyib: "Cənab Prezident, xüsusi qeyd etmək istərdim ki, son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Hökumətlərarası Birgə Komissiyamız əməkdaşlığı daha da genişləndirməyə nail olub. Biz bu gün görürük ki, iki dövlət başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir".
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu vurğulayan Roqozin Hökumətlərarası Birgə Komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələrinin, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyib. O, Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiya Federasiyasını fəal şəkildə dəstəklədiyini xatırladaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artığını məmnunluqla qeyd edib.
Rusiya baş nazirinin müavini, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada çox yaxşı tanındığını, ölkəmizin məhsullarının yerləşdirilməsi üçün xüsusi anbarların yaradıldığını diqqətə çatdırıb.