BAKI, 3 mart — Sputnik. "Rusiya Baş nazirinin birinci müavini Dmitri Roqozinin Azərbaycanda keçirəcəyi bütün görüşlər məxfi olacaq". Bunu Sputnik-ə özəl açıqlamasında millət vəkili Mixail Zabelin deyib.
Deputatın sözlərinə görə, Roqozinin səfəri və aparacağı danışıqlar mətbuat üçün qapalı olacaq. Millət vəkili Rusiyanın Ermənistana 200 milyon dollar həcmində silah-sursat satması ilə bağlı yayılan xəbərlərə də toxunub.
"Bununla bağlı nə Rusiya, nə də Ermənistan tərəfdən heç bir rəsmi açıqlama verilməyib. Rəsmi olmayan bir şeyə isə münasibət bildirmək istəmirəm", —deyə M. Zabelin vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Xarici İşlər Nazirliyinin spikeri Maria Zaxarova mətbuata açıqlamasında yayılan xəbərləri təkzib etməmiş və üstəlik Rusiyanın silah satarkən Azərbaycanı da nəzərə aldığını söyləmişdi.