Bunu Azərbaycana iki günlük səfərinin yekununda AŞPA sədri Pedro Aqramunt bildirmişdi. O, Azərbaycanın müxtəlif çağırışlarla üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, həssas geosiyasi vəziyyətdə olan Azərbaycanda bu çağırışlar enerji, insan haqları məsələlərini aşaraq maliyyə böhranı və xarici investorların cəlbini ehtiva edir. O, yüksək səviyyəli rəsmilərlə səmimi və açıq müzakirələr apardığını qeyd edib.
AŞPA sədri diqqətə çatdırıb ki, Azərbaycan Dağlıq Qarabağ regionunda baş verən münaqişənin nəticələri ilə üzləşməkdə davam etməkdədir: “Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problemin həll edilməsi vacibdir. Bu münaqişə Azərbaycan və Ermənistanda qeyri-stabilliyə yol açmaqla yanaşı, həm də bu ölkələrin demokratiya, insan haqları və qanunun aliliyi sahələrində inkişaf etməsinə mənfi təsir göstərir”.
Eyni vaxtda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini də Azərbaycanda olaraq rəsmi görüşlər keçirib. Federika Moqerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsilə münaqişənin həllinə töhfə verməyə çalışdığını bildirdi.
Bakıda səfərdə olmuş avropalı diplomatlarla görüşən Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, Avropa təmsilçiləri Azərbaycanda daha çox demokratik insan haqlarını mövzusunu müzakirə ediblər:
“Həm Aqramunt, həm Aİ təmsilçisi xanım Mogerini keçirdikləri mətbuat konfransında və ölkə başçısı ilə görüş zamanı Azərbaycanana mesaj verdilər. Vətəndaş cəmiyyəti ilə görüş zamanı isə onlar, sadəcə cəmiyyətin mövcud problemlərini dinlədilər. Vətəndaş cəmiyyətilə görüşdə əsasən müxtəlif sahələrdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının rəhbətləri iştirak ediblər. Görüşdə ölkədə vətəndaş cəmiyyətinin mövcud durumu və onun ötən illərlə müqaisədə fərqi müzakirə olunub. Ən əsas müzakirələr demokratiya və insan haqları haqda olub”.
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə isə, Avropa nümayəndələrinin səfəri Azərbaycanla münasibətlərin onlar üçün prioritet olduğunu bildirir:
“Azərbaycan bu gün Avropanın diqqət mərkəzində olan ölkələrdəndir. Azərbaycanın demokrayik dövlət quruculuğu, sivil, daim dinamikada olan iqtisadiyyat qurması, beynəlxalq siyasətin, problemlərin həllində aktiv iştirak etməsi bir çox inkişaf etməkdə olan dövlətlər üçün bir nümunədir. Təsadüfi deyil ki, Azərbaycanı inkişaf etmiş dövlətlər klubuna daxil olmağa ən real dövlət kimi adlandırırlar. Avropa beynəlxalq təşkilatlarının nümayəndələrinin Azərbaycana səfəri ilk növbədə Azərbaycanla əlaqələri daha sıx qurmaq, Azərbaycanla münasibətlərin prioritet olduğunu dünyaya bildirmək üçündür”.
Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycandan sonra Ermənistana rəsmi səfər edib.