BAKI, 2 mart-Sputnik. İran tibb və səhiyyə xidmətləri sahəsində Azərbaycanla birgə layihələr həyata keçirməyə hazırdır.
Sputnik-in məlumatına gör, bunu APA-ya İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi deyib. O bildirib ki, Azərbaycan tərəfi maraqlı olarsa, İranın sərhədyanı Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində müştərək sərmayələr yatırıla bilər:
"Biz Bakıda da bu sahədə iş görməyə hazırıq. Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıyıq və bunun üçün azərbaycanlı dostlarımızın qərar verməsi kifayətdir".
H. Qazizadə Haşimi Azərbaycana tibb və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində dəstək verməyə hazır olduqlarını da vurğulayıb: "Düşünürəm ki, Azərbaycan da müxtəlif sahələrdə bizə yardım edə bilər və bu əməkdaşlıq ikitərəfli əməkdaşlıq olacaq. Dost və qardaş olan İran və Azərbaycan arasında əlaqələr strateji xarakterdədir və biz bu əlaqələri önəmli hesab edirik. Heç bir şey İran və Azərbaycan münasibətlərinə təsir göstərə bilməz".