BAKI, 2 mart-Sputnik. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkəmizdə ilk dəfə olaraq elmi əsaslarla işlənib hazırlanmış Bildirçin Yetişdirilməsi üzrə Tədris Mərkəzi yaradılıb.
Sputnik AZƏRTAC-a istinadla xəbər verir ki, son dövrlərdə qlobal miqyasda ekoloji tarazlığın pozulması ilə ətraf mühit xeyli dəyişikliyə məruz qalıb, insanlar arasında bir sıra xəstəliklərin sayı artıb. Aparılan müşahidələr və tədqiqatlar göstərir ki, şəkərli diabet, qan təzyiqi və allergik xəstəliklərin yaşında cavanlaşma qeydə alınır. Bu baxımdan bildirçin yumurtası radioaktiv şüalanmaya və allergik xəstəliklərə qarşı qiymətli vasitə hesab olunur.
ADAU-nun dosenti, Bildirçin Yetişdirilməsi üzrə Tədris Mərkəzinin direktoru Mahir Hacıyev bildirib ki, bildirçin il ərzində 300-330 yumurta verir. 10-12 qramlıq bildirçin yumurtası radioaktiv şüalanmaya və allergik xəstəliklərə qarşı qiymətli vasitədir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, amin turşuları və mikroelementlər var, xolesterin isə ümumiyyətlə yoxdur. Odur ki, göstərilən keyfiyyətlərinə görə bildirçin yumurtası olduqca qiymətli və müalicəvi əhəmiyyətə malik qida maddəsidir. Yaşlı nəslin əksəriyyəti, uşaqların isə 80 faizə yaxını müxtəlif allergik xəstəliklərdən əziyyət çəkirlər. Bu quşların yumurtalarını uşaqların yemək rasionunda istifadə etdikdə onların orqanizmindəki radioaktiv maddələrin xaric olunmasına səbəb olur.
Mahir Hacıyev qeyd edib ki, bildirçinin yumurtası ilə bərabər, əti də sağlamlıq üçün qiymətlidir. Bildirçin əti pəhrizlik xüsusiyyətlərinə malik olduğu üçün alternativ qida kimi insanlar arasında ona tələbat ildən-ilə artır.
Hazırda ADAU-nun Tədris Mərkəzində 10 minə yaxın bildirçin bəslənilir. Mərkəz müvafiq ixtisaslarda təhsil alan tələbələrə tədris prosesinin nəzəri hissəsini mənimsətməklə yanaşı, onların laboratoriya və eksperimental təsərrüfatda praktiki biliklərini zənginləşdirməkdə də böyük rol oynayır. Bildirçin Yetişdirilməsi üzrə Tədris Mərkəzinin fəaliyyətinin əsas istiqaməti müasir və intensiv texnologiya əsasında döşəmə və qəfəs şəraitində bildirçinlərin yetişdirilməsi, bəslənməsi, quşlardan yumurta alınmasında müəyyən tədqiqatların aparılması, onların ətlik xüsusiyyətlərinin öyrənilməsi və yüksək nəticələrin əldə edilməsidir.
Bildirçin yetişdirmə üzrə təsərrüfat sahəsi ölkəmiz üçün yeni olsa da, qədim dövrlərdən Çində və Yaponiyada əhali bildirçin bəsləməklə məşğul olub. Lakin bu quşların yetişdirilməsi prosesinə XX əsrdən başlanılıb. Keçmiş sovetlər məkanında isə bildirçinin sənaye əsasında yetişdirilməsi 1960-cı illərə təsadüf edib.