BAKI, 2 mart-Sputnik. Azərbaycanda 3 məhkəmə hakiminə adekvat olmayan cəza verilib. Korrupsiyaya yol vermiş hakimlərdən birinin yerini dəyişiblər, ikisinə isə töhmət veriblər.
Sputnik APA-ya istinadla xəbər verir ki, ötən gün Məhkəmə-Hüquq Şurasında (MHŞ) keçirilən iclasda qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Balakən rayon məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib.
Eyni əmələ görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimi barədə intizam icraatları başlanılıb.