BAKI, 1 mart – Sputnik. Yasamal rayonu polis idarəsinin əməkdaşları artıq 10 gündür ki, Məhəmməd Miriyevin sirli şəkildə yoxa çıxmasını araşdırırlar.
Yasamal rayonu 28-ci polis bölməsindən Sputnik-ə verilən məlumata görə, Miriyev bu il fevralın 21-də yoxa çıxıb.
Məlumata əsasən, Miriyev özünün Mercedes markalı 90 EL 875 nömrə nişanlı maşınında evdən çıxıb. Fevralın 23-də axşam polislər avtomobili salamat vəziyyətdə Şərifzadə küçəsi 1 saylı evin qarşısında aşkar ediblər. Lakin, Miriyevin özü maşında olmayıb. Onun yaxınları təəccüb içindədirlər: Miriyev heç vaxt kiməsə getdiyi yeri deməmiş evdən çıxmazmış. Hələlik əməliyyatçılar Miriyevin taleyi barədə suala cavab verməyə çətinlik çəkirlər və onun sağ olduğuna ümid edirlər.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən ilin sonlarında qonşu 29-cu bölmənin ərazisində də analoji hadisə baş verib.
Orada dekabrın 14-də "Meyvəli" bazarının ərazisindən Bakıda yaşayan Şəmkir rayonunun sakini Bayramov Elçin Fəxrəddin oğlu yoxa çıxıb. O mal daşıdığı Ford Transit yük avtomobili ilə bir yerdə yoxa çıxıb.
Bu ilin əvvəlində Bayramovun maşını Quba rayonunda, yoldan 7-8 km aralıda qarda tapılıb. Bayramovun yoxa çıxması faktı üzrə AR Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bayramovun qətlə yetirilməsi ehtimalı mövcuddur və iş istintaq üçün Quba RPİ-yə verilib.
Miriyevin yaxınları isə onun tapılmayacağı fikrini yaxına belə buraxmırlar. Yasamal RPİ-də Miriyevin yoxa çıxma faktı üzrə də CM-nin 120-ci maddəsi üzrə cinayət işi açılacağını ehtimal edirlər.