BAKI, 1 mart-Sputnik. Qiymətlər yüksək olduğundan, Gürcüstan İrandan qaz almaq üçün danışıqlar aparmır.
Sputnik "Qruziya Online"yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.
"İran qazının Gürcüstana ötürülməsi iki yolla mümkündür, Azərbaycan və Ermənistan ərazisindən. Qiymətlər rəqabətədavamlı deyil. Ona görə də, biz İran qazının alınması məsələsindən yalnız gələcəkdə danışa bilərik" — deyə Kaladze bildirib.
İran qazının ixracı ilə məşğul olan "NIGEC" şirkətinin rəhbəri Əlireza Kamal bəyan edib ki, İran yaxın 7 ay ərzində Gürcüstana 200 milyon kubmetr qaz ixrac etməyə hazırlaşır.
"NIGEC" rəhbərinini sözünə görə, bununla belə, Tehranla Tiflis arasında uzunmüddətli sazişlər məsələsi müzakirə olunur.
Kaxa Kaladze həmçinin bildirib ki, Gürcüstanın Azərbaycandan əlavə həcmdə təbii qazın alması barədə faktiki razılıq əldə edilib.
Nazirin sözlərinə görə, "Şahdəniz" yatağının işlənməsi layihəsi çərçivəsində əlavə həcmdə qaz almaq mümkündür: "Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında mövcud dostluq münasibətləri barədə danışdıq. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkıətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşdüm. Görüşdə gələcək əməkdaşlıq, Gürcüstanın daxili tələbatı üçün vacib olan əlavə həcmdə təbii qaz alınması müzakirə olunub. Faktiki olaraq razılığa gəlmişik. "Şahdəniz" yatağından Cənubi Qafqaz boru kəməri ilə əlavə həcmdə təbii qaz almaq mümkün olacaq".
R.Abdullayev "Şahdəniz" konsorsiumu ilə razılığa gəlindiyini və əlavə 500 mln. kubmetr həcmində təbii qazın Gürcüstana bu yolla ötürüləcəyini deyib: "Şahdəniz"də bizim 500-700 mln. kubmetrə qədər əlavə qaz istifadə etmək, yaxud onu Türkiyə və Gürcüstan bazarında satmaq imkanımız var. Məhz ona görə də boru xəttində əlavə yer ayırdıq ki, 500 mln. kubmetrə qədər əlavə qazı Gürcüstana sataq. Əvvəl yalnız 800 mln. kubmetrə qədər "Şahdəniz" qazı satırdıq. Amma indi imkan yaranıb ki, bunu 1,5 mlrd. kubmetrə çatdıraq".