BAKI, 29 fev — Sputnik. "İki ay öncəyə baxanda bugün daşınmaz əmlak bazarında canlanma müşahidə olunur".
Bunu Sputnik-in əməkdaşı ilə söhbətində ekspert Daşqın Əbdüləzimov deyib.
Ekspert iddia edib ki, əgər alqı-satqı daha da güclənərsə, bazarda uzunmüddətli stabillik yaranacaq:
"Belə canlanma olmasını həm tikinti şirkətləri, həm rieltorlar, həm də alıcılar çoxdandır gözləyirdilər. Əlbəttə, bunun səbəbləri var. 1-cisi keçən ilin payızına qədər ev qiymətləri reallığı əks etdirmirdi. 2-cisi isə tikinti şirkətləri ədalətli qiymət təyin etmirdilər. Bugün isə vəziyyət fərqlidir. Mən düşünürəm ki, ev bazarında vəziyyətin düzəlməsinə devalvasiyanın da təsiri böyük oldu. Ən azından evində dollar saxlayanlar bazarı canlandırdılar. Məhz onlar pullarını manata çevirib evlər almağa başladılar ki, bu da həm rieltorları, həm də şirkətləri sevindirdi".
Daşqın Əbdüləzimov, yeni tikilən mənzillərin bugün daha çox satıldığını deyib: "Əvvəllər, çox adam yeni tikililərdən çəkinirdi, daha çox sovet evlərinə üstünlük verirdilər. Əlbəttə, bunun da öz səbəbi var idi. İnsanlar yeni binaların fundamentinə şübhə ilə yanaşırdılar. İndi bu düşüncənin dəyişdiyini görürük. Alıcıların 75%-i demək olar ki, yeni tikililərə can atır. Çünki bu binalardakı rahatlıq sovet binalarında yoxdur".
Ekspert alqı-satqının şəhərin mərkəzindən daha çox ətrafında güclü getdiyini bildirib:
"Masazır, Xırdalan, Biləcəri istiqamətində canlanma xüsusilə özünü göstərir. Mikrorayonlarda da alıcılıq qabiliyyəti yüksəkdir. Şəhərin mərkəzində isə digər yerlərdən fərqli olaraq alqı-satqı zəifdir. Bu zonada evləri ancaq imkanlı təbəqə alır".
Torpaq bazarındakı vəziyyətə də toxunan ekspert, "bugün torpağı yaşayış kompleksləri inşa etmək üçün daha çox tikinti şirkətləri alırlar. Adi insanlar arasında bu işə maraq əvvəlki kimi deyil" deyib.