BAKI, 29 fev — Sputnik. Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşma tətbiq oluna bilər.
Sputnik fins.az-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edib. Onun sözlərinə görə, məqsəd ələbaxımlılığın qarşısını almaqdır: "Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik".
Hadi Rəcəbli qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmaq istəyir:
"Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür".
Məsələ ilə bağlı İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda belə bir layihə artıq tətbiq olunub: "Aztəminatlı ailələrin sosial reabilitasiyasını nəzərdə tutan "Özünədəstək" adlı bir proqram keçmiş nazir Füzuli Ələkbərovun vaxtında tətbiq olunub. "Özünədəstək" proqramının 2012-ci ilin aprel ayında sınağı başlanılıb. 2013-cü ildə Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi 271 ailəni bu proqrama cəlb edib. Bu proqramın həyata keçirilməsinə rəsmi şəkildə 355 min 460 manat məbləğində vəsait xərclənib.
Hal-hazırda millət vəkili Hadi Rəcəblinin dediyi şəxsi yardımçı təsərrüfatlarının yaradılmasıdır. Eyni zamanda, əmtəə və xidmətlərin istehsalı ilə məşğul olan kiçik sahibkarlıq subyektlərinin yaranmasıdır".
Özünü doğrultmadığına görə, "Özünədəstək" proqramına veto qoyulub
Ekspert bildirib: "Həmin 271 ailədən 230 ailənin (85 faiz) şəxsi yardımçı təsərrüfatı yaradılıb. Yerdə qalan 41 ailə (15 faiz) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olub. Yəni, kənd yerlərində insanlara, ailələrə qoyun, inək alınıb verilib. Bu minvalla onların təsərrüfatı yaradılıb. Bu, ona görə edilib ki, onlar yoxsul ailələr olduğu üçün bu təsərrüfatdan istifadə edib özlərini təmin etsinlər. Ünvanlı sosial yardımdan asılı olmasınlar. Digər əmtəə və xidmətlər istehsalı deyəndə nəyi nəzərdə tuturam? Məsələn, birinə tikiş maşını alıb veriblər ki, bu adam dərziliklə məşğul olub, digər biri yaxşı tokardır, ona dəzgah alıb veriblər, bir başqası yaxşı parket vurandır, ona avadanlıq alıb veriblər və s.
Dediyim kimi, 355 min 460 manat da buna pul xərclənib. Ancaq yeni əmək və əhalinin sosial müdafiəsi naziri gələndən sonra "Özünədəstək" proqramına veto qoyulub. O səbəblə qoyulub ki, bu proqram özünü doğrultmayıb".
Qalib Toğrulun sözlərinə görə, İqtisadi Tədqiqatlar Mərkəzi 2013-cü ildə bu proqramın Xaçmaz və Nizami rayonlarında, cəmi 51 ailə olmaq şərtilə, monitorinqini aparıb ki, işlər necə həyata keçirilir. Bu proqram respublika üzrə çoxdan tətbiq olunmalı idi. Çox təəssüf ki, həyata keçirilmədi və yarımçıq qaldı".
Ünvanlı sosial yardım aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına səbəb olmur
Onun sözlərinə görə, ünvanlı sosial yardım aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına səbəb olmur. Bu yardım, aztəminatlı ailələrin ölməməsi, həmin vəziyyətdə qalması, minimum fizioloji tələbatlarının ödənilməsi üçündür. Onlar yoxsulluqdan çıxmaq üçün mütləq işlə təmin edilməlidirlər.
Ekspert deyib ki, kiminsə əgər mal-qarası varsa, onlara ünvanlı sosial yardım verilmir. Yardım o adamlara verilir ki, onların ailəsinin gəlirləri ehtiyac meyarından aşağıdır. Ehtiyac meyarı hazırda ölkədə 105 manatdır. Ailədə 4 üzv varsa, onların biryerdə gəlirləri 420 manatdan aşağıdırsa, bu zaman onlara ÜSY tətbiq olunur.
"Məsələ burasındadır ki, "Özünədəstək" proqramına cəlb etmək üçün həmin ailələr seçilirdi. Bu da o deməkdir ki, o kəndçinin qoyunu yoxdur. ÜSY alanın şəxsi yardımçı təsərrüfatı yoxdur. Əgər varsa, bunu ona verməyin mənası yoxdur. Burda müəyyən kriteriyalar var: ailədə həddi-büluğa çatmamış uşaqların olması, əsas gəlirlərin ərzağa xərcləməsi, əmək qabiliyyətli insanların olmaması, əmlakla bağlı müəyyən meyarlar və s. Yəni, bütün bunları nəzərə alıb sosial reabilitasiya tədbirini həyata keçirmək lazımdır. Əks halda bu, heç bir effekt verməyəcək." — deyə ekspert bildirib.
Eyni təcrübəni təzədən öyrənmək üçün vəsait lazımdır, bu da israfçılıqdır
Q.Toğrulun sözlərinə görə, indi eyni təcrübəni təzədən öyrənmək üçün vəsait lazımdır, bu da israfçılıqdır. Bu proqramın iştirakçısı olan ailələrlə əlaqə qırılıb. Hər şeyi sıfırdan başlamaq lazımdır ki, bu da büdcə vəsaitinə məsuliyyətsiz yanaşmadır.
Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 152 manat təşkil edib (mlspp.gov.a)
Xatırladaq ki, Hadi Rəcəbli ötən il mətbuatda müəllimlərin maaşı ilə bağlı hay-küyə səbəb olan açıqlama vermişdi: "…Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır…" (Trend).