BAKI, 29 fev — Sputnik. Artıq üçüncü ildir ki, ikinci əl avtomobil bazarında ucuzlaşma yaşanır və bu proses hələ davam edir. Satıcılar alverin istənilən səviyyədə olmadığından şikayət edirlər.
Ümumi qiymət düşmə tendensiyasına baxmayaraq, sonuncu devalvasiyadan sonra maşın qiymətlərinin ciddi dəyişmədiyini deyən alverçilər, belə şeyin dünyanın heç bir yerində olmadığını söyləyiblər. Elvin Əliyev, özünün "Hyundai" markalı avtomobilini devalvasiyadan əvvəl də 11 min manata satışa qoyduğunu, elə sonra da bu qiymətdə saxladığını deyib:
"Özünüz də görürsüz ki, qiymət olduğu kimi qalıb. Amma hələ də sata bilməmişəm. Əslində valyutamız dəyərdən düşəndə dərhal bahalaşma olmalı idi, lakin olmadı. İnsanların maddi güzəranından xəbərdar olduğumuz üçün bunu etmədik. Ancaq təəssüf ki, bu qədər ucuzluq olmasına baxmayaraq, gəlib salam verən də yoxdur".
Maşın bazarındakı digər satıcılar da Elvin Əliyev kimi, alverin ürəkaçan olmadığını dedilər.
Sputnik olaraq paytaxtdakı avtomobil bazarında apardığımız müşahidələr göstərdi ki, bazarda alqı-satqı o qədər də güclü deyil. Bəs elan saytlarında necə? Bu suala cavab tapmaq üçün öz alverini elanlar vasitəsilə gerçəkləşdirən Etibar Mirzəyevlə söhbət apardıq. Gənclik metrosu yaxınlığındakı ofisində bizi qarşılayan Mirzəyev, Gürcüstandan gətirdiyi maşınları nə üçün bazarda yox məhz elan saytlarına yerləşdirdiyinin səbəbini açıqlayıb:
"Birincisi ona görə ki, bugün bazarda maşınlar həddən artıq çoxdur və alıcılar beyinlərini toparlayıb bir maşına adaptasiya ola bilmirlər. Mən özüm də əvvəllər gətirdiyim maşınları bazara aparırdım. Tutaq ki, 3 nəfərlik qrup maşına yaxınlaşır. Əsas alan adam maşına baxdığı vaxtda o biri kənardan "gəl burda biri də var" deyib onu fikrindən yayındırırdı. Halbuki ikisi də eyni marka və eyni görünüşdədir. Belə şeylər ucbatından alver çox zəif idi. İndi şükür, ancaq saytlarla işləyirəm və işim gözlədiyim kimi gedir. Həm də axı, bir çox insanlar bazara getməyə ərinirlər. Həm sıxlıq olur, həm də bayaq dediyim kimi, seçim edə bilmirlər, vaxtları gedir".
Sonda Etibar Mirzəyev maşın alverçilərinə məsləhət görüb ki, işlərinin yaxşı getmələrini istəyirlərsə avtomobillərini elan saytlarına yerləşdirsinlər.