Zalda İlhamə Quliyevanın repertuarından mahnılar səsləndirilib.
Xatırladaq ki, İlhamə Quliyeva fevralın 25-də səhər saatlarında 73 yaşında vəfat edib.
Müğənni Azərbaycanın və Dağıstanın xalq artisti fəxri adlarına, həmçinin “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
Onun bir çox mahnıları azərbaycanlı dinləyicilər arasında populyar idi.
Vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanın müasir estradası üçün böyük itki baş verdiyini deyib. O, İlhamə Quliyevanı “mədəniyyət sahəsinin şəhidi” adlandırıb. Deyib ki, “şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar.”
Mərasimdə çıxış edən sənətçilərdən Natəvan Şeyxova, Canəli Əkbərov və Yalçın Rzazadə xalq artisti ilə bağlı xatirələrini danışıblar, onun yüksək keyfiyyətlərindən bəhs ediblər. Əməkdar incənət xadimi, bəstəkar Faiq Sücəddinov da mərhumə barədə fikirlərini bölüşüb.
Müğənni II Şəhidlər Xiyabanında, anası Tükəzban İsmayılova və atalığı Həbib Bayramovun yanında dəfn edilib.