Bununla bağlı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu Sputnik-ə açıqlamasında deyib ki, İŞİD-də digər terror təşkilatları kimi qeyri-leqal biznesdən maliyyələşir. Onun fikrincə, bunun üçün qruplaşma nəzarətində olan ərazilərdən istifadə edir:
"İŞİD öz təsir dairəsini genişləndirməklə faktiki olaraq İraqda və Suriyada bir xeyli əraziyə nəzarəti həyata keçirir. Həmin ərazilərdə əldə olunmuş qənimətləri toplayaraq özü üçün büdcə formalaşdırır. Bu qənimətlərə banklar, yaxud zəngin insanlardan əldə etdikləri gəlirlər aiddir. Bundan başqa insan alverinə də gedir. Narkotik və silah alverində də iştirak etməyi istisna deyil. İŞİD-in digər bir gəlir mənbəyi isə nəzarətində olan ərazilərdəki neftin satışından əldə etdikləridir. Bu daha çox mətbuatda və ictimai-rəydə səs-küyə səbəb olan gəlir mənbəyidir. Onlar nefti gizli yollarla, qaçaqmalçılıqla və ucuz qiymətə satırlar. Bu gəlirlər və İŞİD-in neft alıcıları ətrafında mübahisəli məqamlar yarandı, müxtəlif versiyalar irəli sürüldü.Amma, bütün bunlara baxmayaraq, bu biznes hələ də davam edir".
Ərəstun Oruclu bildirir ki, neftin birja qiymətinin 33-35 dollar olduğu bir dönəmdə İŞİD-in 20-25 dollar təklif etdiyi neft təbii ki, istənilən halda kimlər üçünsə cəlbedici olacaqdır:
"Bu alver biznesmenlərin əli ilə bank yoluyla aparılsa da, son nəticədə gəlir İŞİD-ə çatır. Yəni mən düşünürəm ki, İŞİD-in imkanlarının məhdudlaşdırılması ilə bağlı irəli sürülən versiyalar bir o qədər də optimist deyil. Hər halda bu təşkilat, bu terrorçu ordu fəaliyyətini davam etdirir. Müəyyən ərazilərə nəzarəti öz əlində saxlamaqdadır. Bunu İŞİD-i bombalayan koalisiyaların özləri də etiraf edir ki, mübarizə bir o qədər də effektiv deyil".
Ekspert hesab edir ki, İŞİD-ə qarşı quru əməliyyatı aparılmayana kimi onu birdəfəlik məhv etmək mümkün olmayacaq. Ərəstun Oruclu Qərblə Rusiya arasında Suriya ilə bağlı razılaşmanın əldə olunmasına da münasibət bildirib. Politoloqun fikrincə, bu razılaşmanın nədən ibarət olduğu hələ bilinmir:
"Razılaşmada yalnız atəşkəsin elan olunması bəyan edilib. Amma görünür, hər kəs bu anlaşmaya riayət etmək fikrində deyil. Çünki, Suriya ərazisində çox mürəkkəb bir güc nisbətləri, konfiqurasiyası yaranıb. Ona görə də, mən buna bir qədər pessimist yanaşıram və düşünmürəm ki, effektiv olacaq. Hər halda kimlərsə bunu davam etdirəcək. Bu anlaşma təkcə Rusiya mətbuatında deyil, Qərb mətbuatında da Putinin Suriyada uğur əldə etməsi kimi təbliğ olunur. Təbii ki, müəyyən ehtimallar yaradır. Ehtimallardan biri budur ki, bizə məlum olmayan hansısa anlaşma əldə olunub və Suriya prosesi növbəti fazaya keçmək üzrədir".
Rusiya və ABŞ tərəfindən hazırlanan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə görə, fevralın 27-dən Suriyada atəş dayandırılmalıdır. Həmin vaxtdan etibarən hərbi əməliyyatlar yalnız İŞİD və "Ən-Nusra Cəbhəsi"nə qarşı deyil, həmçinin BMT tərəfindən terrorçu kimi tanınmış digər qruplaşmalara qarşı aparılacaq.
Suriya hakimiyyəti və müxalifəti fevralın 26-da bildiriblər ki, onlar atəşkəs rejiminə əməl edəcəklər.