Orta statistik almanın il ərzində orta hesabla 107 litr pivə içdiyini bildirən Münhen Araşdırmalar İnstitutunun mütəxəssisləri bildiriblər ki, pivə istehsal edən zavodlar glifosatın pivəyə necə düşdüyünü tapmalıdırlar. Bioloqlar onlardan istehsal zamanı istifadə olunan ərzaq və maddələri yoxlamağı tələb edirlər.
Zəhərli maddələr Krombacher, Oettinger, Bitburger, Veltins, Beck's, Paulaner, Warsteiner, Hasseröder, Radeberger, Erdinger, Augustiner, Franziskaner, König Pilsener və Jever pivələrində aşkarlanıblar.
Adları çəkilən işkilərin bəziləri Azərbaycanda da satılır. Tibb elmləri doktoru, həkim Adil Qeybulla “Sputnik”ə açıqlamasında bildirib ki, məsələ yetərincə ciddidir və biz bundan ehtiyyat etməliyik:
“Biz də ehtiyatlı olmalıyıq. Azərbaycana daxil olan bu cür ərzaqlar kökündən yoxlanılmalıdır. Çünki ərzaq təhlükəsizlik konsepsiyası əslində milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Azərbaycana daxil olan ərzaqların hər biri nəzarətdən keçməlidir”.
Lakin məsələ tək Azərbaycana gətirilən pivələrlə bitmir. Oxşar zəhərli maddələrə ölkədə istehsal olunan pivələrdə də rast gəlinə bilər. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bunun səbəbi nəzarətin olmamasıdır:
“Pivənin xammalı arpadan əmələ gəlir. Azərbaycanda istehsal olunan arpa plantasiyalarına da zərərvericilərdən qorumaq üçün kifayət qədər pestisidlər verilir. Bunu heç kim tənzimləmir, ölkədə pestisidləri analiz edən laboratoriyalar yox səviyyəsindədir, üstəlik də, ölkədə qidanın təhlükəsizliyi haqda qanun da yoxdur. Belə bir şəraitdə ehtimal olunur ki, izlənilmədiyi üçün Azərbaycanda da pestisidlər var. Mən düşünmürəm ki, ölkədə bunları analiz edib ortaya çıxara bilən laboratoriya olsun”.
Onu da qeyd edək ki, pivə tez xarab olan məhsuldur və xaricdən gətirəndə uzun müddət saxlamaq üçün onun tərkibinə müxtəlif qatqılar əlavə edilir. Həmin qatqıların çoxu kimyəvi tərkibə malik olduğundan insan orqanizmi üçün təhlükəlidir.