Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hamı kəndinə qayıdır

© Sputnik / Artyom Kreminskiy / Mediabanka keçidTaxıl tarlası
Taxıl tarlası - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanların kəndə qayıtmağa başlaması aqrar sektorun inkişafı ilə yox, Bakıda həyat şəraitinin ağırlaşması ilə bağlıdır

Hamı kəndinə qayıdır
BAKI, 25 fev-Sputnik. Bakıdan bölgələrə köçənlərin sayı artmaqdadır. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Nazir kəndə axını aqrar sektorun inkişafı ilə bağlayıb. H. Əsədov bildirib ki, bu sektorun inkişaf göstəricilərindən biri də şəhər əhalisinin kəndlərə köçməsidir. Son statistika bunu deməyə bizə əsas verir.

"Hazırda və növbəti illərdə də bizim əsas hədəfimiz bölgələrdə əkin sahələrini genişləndirmək, sakinləri bu sahəyə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər həyata keçirtməkdir. Bununla bağlı ciddi sənədlər hazırlanır və yaxın vaxtlarda bu sənədlərin imzalanmasının şahidi olacaqsınız"- deyə nazir vurğulayıb.

Kənd təsərrüfatı sahəsində çalışan şəxslər və bu sahə ilə məşğul olan bəzi ekspertlər isə Bakıdan bölgələrə köçənlərin sayının artmasının səbəbinin Bakıda yaşam şərtlərinin çətinləşməsi, iş yerlərinin bağlanması, bazarlardakı bahalaşma olduğu fikrindədirlər.

İqtisadçı ekspert Natiq Cəfərli "Sputnik"ə açıqlamasında bildirib ki, kəndlərə qayıdan insanların əksəriyyətinin ümumiyyətlə əkin-biçinlə məşğul olmaq, mal-qara saxlamaq imkanları belə yoxdur:

"Azərbaycanda uzun illərdir bir model qurulmuşdur və Bakı şəhəri sözün hər bir anlamında bir mərkəzə çevrilmişdir. Böyük neft pulları dövründə tikinti bumuda, ticarət bumu da Bakıda yaşanıb. Belə olan halda təbii ki, regionlarda da iş axtaran insanlar Bakıya üz tuturdular. Son zamanlarda tikinti sektoru və ticarətdə olan durğunluq bölgələrdən gəlib paytaxtda çalışan insanların vəziyyətini daha da ağırlaşdırdı. Çünki, əksəriyyəti burada kirayə evlərdə qalırdılar və onlar məcburən geri öz rayonlarına qayıtmağa üstünlük verdilər. Hətta rəsmi rəqəmlərdə bunu sübut eləyir. Rəsmi rəqəmlərə görə tək tikinti sektorunda təqribən 25 minə qədər insan işsiz qalıb. Hələ bu rəsmi rəqəmlərdir. Çünki, bu kimi sahələrdə qeyri-rəsmi işləyən insanların sayı daha çox idi. Ticarət dövrüyyəsinin də kəskin zəifləməsi də göz önündədir. Yəni dükanların bağlanması ticarət dövrüyyəsini xeyli dərəcədə zəiflədib. Azərbaycanda isə ən çox insan bu iki sektorda çalışırdı. Amma, ümid eləyək ki, aqrar sənayei kompleksi və kənd təsərrüfatı elə inkişaf edəcək ki, geri qayıdan insanlar özlərinə iş tapacaq yaxud da iş qura biləcəklər. Bu isə Azərbaycanın həm daxili tələbatına, həm də xarici ixracaatına ciddi təsir göstərəcək".

Ekspertin sözlərinə görə bunun üçün ilk növbədə kənd təsərrüfatında həyata keçirilən stimullaşdırma tədbirlərinə yanaşma dəyişməlidir. Natiq Cəfərlinin fikrincə, bu sahədə inkişafa nail olmaq üçün tədbirlər planı hazırlamaq lazımdır:

"Son 10 ildə əsas yanaşma ondan ibarət idi ki, əkilən sahənin hektarına görə buğda məhsullarına 80 manat, digər məhsullara isə 40 manat kompensasiya verilirdi. Bu isə hektara görə verildiyindən bir çox neqativ hallara yol açırdı. Obrazlı desək, kağız üzərində əkin-biçin sahələrinin yaranmasına səbəb olurdu. Buda korrupsiyaya yol açırdı. Bu doğru yanaşma deyil. Kənd Təsərrüfatı nazirliyi təkliflər paketi hazırlamalıdır. Dünyanın sivil ölkələrinin hamısında dövlətin kompensasiyası son məhsulun həcminə və keyfiyyətinə görə verilir. Kənd təsərrüfatında çalışan fermerlər, insanlar stimullaşdırılır ki, daha çox və daha keyfiyyətli məhsullar istehsal edilsin. Bu yanaşma hələ ki, Azərbaycanda dəyişməyib".

Ekspertin sözlərinə görə, məhsulun kəmiyyətinə və keyfiyyətinə görə kompensasiyanın verilməsi daha effektivdir, həmçinin fermerləri fəaliyyətini stimullaşdıracaq.

Qeyd edək ki, prezident İlham Əliyev kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahəsi olduğunu dəfələrlə vurğulayıb.

Xəbər lenti
0