BAKI, 25 fev-Sputnik. Azərbaycanda avtobus qəzalarının baş vermə səbəbləri nədir? Qəzaların sayını azaltmaq mümkündürmü?
Nəqliyyat eksperti Ərşad Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, "avtobus qəzalarının baş vermə səbəbi həmin o avtobus sürücülərinin seçilməsi, bu işin təşkili, qanunvericilikdən kənar fəaliyyət və s. ilə bağlıdır. Bu dəqiqə Azərbaycanda xüsusən Bakı şəhərində bu daha çox diqqət mərkəzindədir. Sərnişin daşımaları ilə "BakuBus" MMC məşğul olur. "BakuBus" dövlət müəssisəsidir. Burda iş normal təşkil olunub. Onların avtobusları normal fəaliyyət göstərir."
Ekspert marşrut sahiblərinini ünvanına sərt ittihamlar da səsləndirib: "Səbəb odur ki, 20 qəpik uğrunda mübarizə gedir. Qanunvericilik qıraqda qalıb. Əllərinə keçən küçə uşaqlarını, harada narkoman, avara, axmaq varsa, avtobusları veriblər ki, gedin bizim üçün pul qazanın. Avtobus sürücüsünü saxlayanda, əgər sənədi yoxdursa, buna görə hətta inzibati həbs cəzası var. Avtobusun məxsus olduğu həmin şirkətin özü üçün külli miqdarda sanksiyalar nəzərdə tutulur. Amma bunlar tətbiq edilmir."
Ərşad Hüseynov hesab edir ki, bu sistemi dəyişib yenidən qurmaq lazımdır: "Ona görə də Bakı Nəqliyyat Agentliyi yaradıldı. Bu qurum yeni yaranıb. Hazırda orda formalaşma prosesi gedir. Yəqin ki, bu, bir neçə ay çəkəcək. Bir neçə aydan sonra bu sahəni tam nəzarətə götürə bilsələr, düşünürəm ki, mənzərə müsbətə doğru dəyişəcək".
Ekspert həmçinin deyib ki, polis reyd keçirən zaman 10 avtobusdan 8-nin sürücüsünün sənədi olmur. "Sənəd yoxdursa, nə əmək müqaviləsi ola bilər? Problemin kökündə bu fundamental məsələlər dayanır." — deyən ekspertin fikrincə, sürücülər üçün plan söhbəti ləğv olunmalıdır: "Bu işlə məşğul olan sahibkar sürücünü götürür işə. Əslində işə də götürmür, deyir ki, avtobusu verirəm sənə, get mənim üçün pul qazan. Mənim planımı gətir, sonra özün üçün qazan. Dünyanın heç yerində belə bir şey yoxdur. Görürsünüz ki, bizdə ən elementar məsələlərdən başlamaq lazımdır".
Dünən Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Sputnik-ə daxil olan birgə məlumatda bildirilir ki, fevralın 24-də paytaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi "İsuzu" markalı, "10 TC 962" dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkən Rəfael Musayevin idarə etdiyi "Daewoo" markalı "90 HS 692" dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşub. Hadisə nəticəsində "İsuzu" markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişinlərdən 12-si isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla yol-nəqliyyat hadisəsinin "İsuzu" markalı avtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.
Fevralın 12-də Milli Məclisin iclasında "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik müzakirə edilib. Qanun layihəsində dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülərin buraxılması təklif edilir. Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Ötən ilin 11 ay ərzində respublikanın avtomobil yollarında 2033 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qeyd olunan dövr ərzində 75 qəza avtobus sürücüləri tərəfindən törədilib. Nəticədə 28 nəfər ölüb, 87 nəfər xəsarət alıb.