BAKI, 25 fev-Sputnik. Xalq artisti İlhamə Quliyeva kəskin ürək çatışmazlığından vəfat edib.
Sputnik-in İlhamə Quliyevanın evinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, mərhumənin ailə dostu Əli Mirəliyev Təcili Tibbi Yardım Stansiyasının ölüm barədə verdiyi rəyi və İlhamə Quliyevanın şəxsiyyət vəsiqəsini ona təqdim edib.
"Bu xəbəri eşidib ilk mən gəldim. Onun məndən başqa kimi var ki? Təbii ki, mən gəlməliydim. O, mənim əzizim, canım-ciyərim idi. Bütün dərdlərini mənimlə bölüşürdü, problemlərini məndən başqa kimsəyə bilmirdi. O, ailəsi, dostları, bütün Azərbaycan xalqı, mədəniyyəti üçün çox ağır itkidir.
Azərbaycanın xalq artisti İlhamə Quliyeva bu gün səhər saatlarda vəfat edib. Bu barədə məlumatı respublikaya ilk olaraq Sputnik yayıb.
Qeyd edək ki, İ.Quliyeva son vaxtlar müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ən son olaraq adı köməkçisinə qarşı qeyri-qanuni hərəkətlərə yol verməkdə və məhkəmə qalmaqallarında hallanırdı. O, özü isə səhhətində yaranmış problemlərə görə keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırırdı.
İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.
Müğənni Tükəzban İsmayılovanın qızıdır.
Bir oğul övladı var.