BAKI, 25 fev-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 23 fevral tarixində İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki ölkə başçısının verdiyi tapşırığa əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətninin razılaşdırılması başa çatdırılıb və imzalanıb.
İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən Sputnik-ə verilən məlumata görə, sənədi Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədrləri — Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.
Sazişdə Azərbaycan Respublikası və İran İslam Respublikasının suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.
Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa catdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.
Burada həmçinin qeyd olunub ki, tikinti işlərinə nəzarət və istismar prosesində Azərbaycanlı mütəxəssislər iştirak edəcək.