BAKI, 25 fev-Sputnik. Suriya müxalifəti 2 həftə ərzində müvəqqəti atəşkəs rejiminə əməl etməyə hazır olduğunu bildirib.
Sputnik-in məlumatına görə, bu barədə Suriya müxalifətinin təmsilçisi — Danışıqlar üzrə Ali Komitənin (DAK) bəyanatında qeyd olunub.
Bəyanatda deyilir: "Hesab edirik ki, atəşkəsin iki həftəlik dayandırılması qarşı tərəfə öz öhdəliklərinin məsuliyyətini dərk etmək üçün imkan verəcək."
Daha əvvəl Suriyanın xarici işlər nazirinin müavini Feysəl Miqdət bildirmişdi ki, Dəməşq "rusiyalı dostları ilə apardıqları uzun-uzadı məsləhətləşmələrdən sonra" Rusiya və ABŞ danışıqlarına əsasən hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib.
Öz növbəsində hökumət qüvvələrinə qarşı vuruşan Azad Suriya Ordusunun yüksək vəzifəli mənbələrindən biri demişdi ki, hələlik ASO-nun atəşkəs rejiminə qoşulub-qoşulmayacağı məlum deyil.
Bazar ertəsi ABŞ və Rusiyanın birlikdə verdiyi bəyanata görə, fevralın 27-dən etibarən Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs qüvvəyə minməlidir. Lakin İŞİD və "Ən Nusra Cəbhəsi"nə qarşı hücumlar davam etdiriləcək.