Azərbaycan dilinə dövlət dili statusu vermək naminə vəzifəsini itirmiş alim

© azerikino.comİmam Mustafayev
İmam Mustafayev - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli dövlət xadimi və alimi İmam Mustafayev 25 fevral 1910-cu ildə Qax rayonunun Əmbərçay kəndində anadan olub.

BAKI, 25 fev — Sputnik. Azərbaycanın görkəmli dövlət xadimi və alimi İmam Mustafayev 25 fevral 1910-cu ildə Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olub.

1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləyib. 1940-cı ildə Ümumittifaq Kommunist (b) Partiyası üzvlüyünə qəbul olunub. 1940-1954 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilib.

Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 12 iyun 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilib və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılıb. İ.Mustafayev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovla birlikdə Azərbaycan dilinə dövlət dili statusu vermək istəyiblər və onların bu niyyəti Moskvadakı rəhbərlik tərəfindən müsbət qarşılanmayıb.

Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri işləyib (1954-1970), 1971-ci ildən həmin institutun direktoru olub.

İ.Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunub.

O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər becərmişdir. "Sevinc", "Cəfəri", "Zoğal-buğda", "Arzu", "Gürgənə-1", "Turanikum-186", "Qızıl buğda", "Turgidum-7" və s. sortlar yetişdirib. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Mustafayevin kadrlar hazırlanmasında böyük xidməti var. Sovet İKP 19-21, Azərbaycan Kommunist Partiyası 17-22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3-5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N.İ.Vavilov adına Qızıl medal, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin üç böyük qızıl medalını alıb.

1997-ci ildə vəfat edib.

Xəbər lenti
0