BAKI, 24 fev — Sputnik. Ölkələrarası xarici ticarət əlaqələrinə dair göstəriciləri müqayisə edərkən bir çox amilləri nəzərə almaq lazımdır. Bu məsələ beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi tədqiqat işləri aparılır, amma hələ də vahid praktiki beynəlxalq tövsiyələr bu vaxta qədər tərtib olunmayıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda belə deyilir.
Məlumata görə, burada malın mənşə ölkəsi, malın təyinat ölkəsinin böyük əhəmiyyəti var. Xarici ticarət statistikasının metodologiyasına uyğun olaraq, idxal-malın mənşə ölkəsi, ixrac-malın təyinat ölkəsi üzrə hesablanır.
Xarici ticarət əlaqələrinin müqayisəli təhlili göstərir ki, dünyanın əksər ölkələrində belə fərqlər mövcuddur. BMT-nin İqtisadi və Sosial Şurasının 56-cı sessiyasının sənədlərində qeyd olunduğu kimi, 2006-cı ildə MDB ölkələrinin əksəriyyəti və xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Məsələn, ticarət əlaqələrində Almaniya ilə 1.5-3 milyard dollar, Polşa ilə 2-3 milyard dollar, Niderlandla 500 milyon-3 milyard dollar, İtaliya ilə 300 milyon-2 milyard dollar fərq yaranıb. ABŞ və Çin arasında mallar üzrə ikitərəfli ticarət statistikasında fərqlərlə bağlı hesabatda qeyd olunur ki, 2000-ci ildə Çinin ixracı ilə ABŞ-ın idxalı arasında 48 milyard, 2004-cü ildə 72 milyard, 2006-cı ildə 84 milyard fərq olub. BMT-nin rəsmi internet saytındakı məlumatların müqayisəsi göstərir ki, artım tendensiyası davam edib, 2013-cü ildə həmin fərq 91 milyarda çatıb. Həmin saytın məlumatına görə, 2013-cü ildə Rusiya Niderlanda 76 milyard dollar həcmində mal ixrac etdiyi halda Niderlanda Rusiyadan idxal 2.9 dəfə az — 26 milyard dollar olub (fərq 50 milyard dollar).
Dünyada baş verən sürətli qloballaşma və Avropa ölkələri arasında gömrük sərhədlərinin olmaması “Rotterdam effekti”ni – yəni bir ölkənin ixrac etdiyi malların digər ölkənin ixracına aid edilməsini kəskin artırıb.
Yuxarıda qeyd olunanlara baxmayaraq, Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalının onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələrlə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır. Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır.
Ümumiyyətlə, dövlətlərarası xarici-iqtisadi əlaqələrin göstəricilərinin fərqi əsasən aşağıda qeyd olunan amillərdən asılıdır:
1. Tərəfdaş ölkənin təyin olunması prinsipləri. Xarici ticarətin gömrük statistikasında idxal-malın mənşə ölkəsi, ixrac-təyinat ölkəsi üzrə aparılır.
2. Statistik dəyərin təyin edilməsi. Məlumdur ki, alqı-satqı müqavilələrində alıcı və satıcının öz üzərilərinə götürdükləri öhdəliklərdən asılı olaraq malın bir ölkədən digərinə göndərilməsi üzrə xarici ticarət müqaviləsi 11 göndərmə kommersiya şərti əsasında bağlanır. Xarici ticarətin gömrük statistikasında idxal olunan malın statistik dəyəri CIF (malın dəyəri, sığorta və daşınma xərcləri), ixrac olunan malın statistik dəyəri FOB (bortdan azad) ticarət şərtləri əsasında müəyyən edilir.
3. Məxfi daşınan malların statistikasının aparılmasının müxtəlifliyi. Təhlillər göstərir ki, hərbi və digər konfidensial təyinatlı malların idxalı və ixracına dair məlumatların statistikası spesifikdir.
4. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə idxalı zamanı yaranan fərqlər. Bəzi ölkələrdə kommersiya məqsədləri üçün nəzədə tutulmayan malların fiziki şəxslər tərəfindən ixracı statistikaya daxil edilir və bu da xarici ticarət statistikasında fərqlərə səbəb olur.
5. İdxal və ixracın gömrük rəsmiləşdirilmə vaxtının fərqli olması. Mal bir ölkədən digər ölkəyə göndərildikdə göndərən ölkədə ixracın rəsmiləşdirmə tarixi qəbul edən ölkədə idxalın rəsmiləşdirmə tarixindən fərqli olur. Göndərən ölkədə ilin sonunda rəsmiləşən yüklər təyinat ölkəsində gələn ilin əvvəlində rəsmiləşir.
6. Tərəfdaş ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsulların və müxtəlif metodologiyaların tətbiqi. Aydındır ki, iki dövlətdə müxtəlif gömrük statistikasının metodologiyası və ya gömrük dəyərinin hesablanma üsulları istifadə edildiyindən bir ölkənin ixracı başqa ölkənin idxalına bərabər olmur. Məsələn, bəzi malların ölkəyə idxalı zamanı malın invoys dəyərinin bazar qiymətlərindən kəskin fərqlənməsi (invoys qiymətinin yanlış göstərilməsi) iki ölkə arasında statistik fərqlərin yaranmasına səbəb olur.
7. Malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanması. Malların idxalı və ixracı zamanı göndərən və təyinat ölkələrində valyuta məzənnəsi eyni olmadığından iki ölkənin statistik göstəriciləri arasında fərqlər yaranır. Beleliklə mal göndərən ölkədə malın statistik dəyəri bir məzənnə əsasında hesablandığı halda, təyinat ölkəsində başqa məzənnə əsasında hesablanır.
8. Malların gömrük rejimlərinin fərqli göstərilməsi. Müvəqqəti idxal rejimində rəsmiləşdirilmiş mallar Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikasına daxil edilmir.