BAKI, 24 fev — Sputnik. Yeni Zelandiyanın cənnət ərazisi olan Şimal adasında həkim işləyən Alan Kenny illik təxminən 417 min manat maaş, 3 ay məzuniyyət təklifi ilə işçi axtarsa da, tapa bilmir.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Kenny Tokoroa qəsəbəsindəki klinikasında yanında çalışacaq və iş yükünün yalnız yarısını boynuna götürəcək bir həkim tapmaq üçün böyük səy sərf edir. 61 yaşındakı həkim keçən ildən bu yana sanki “partlayan” işlərində özünə kömək edəcək bir həkim tapa bilmir.
Yeni Zelandiyanın “Herald” qəzetinə danışan Kenny deyib: “Onlara həqiqətən möcüzə bir gəlir təklif edirəm. İnanılmazdır. Keçən il xəstələrim çox artıb, nə qədər çox xəstəyə baxsanız o qədər çox pul qazanırsınız”.
Xəstələrinin yalnız yarısına baxacaq həkimin tapılmasında çətinlik çəkən, hazırda 6 min xəstəsi olan Kenny deyib ki, işini sevir və burada qalmaq istəyir.
Niyə heç kim işləmək istəmir?
Yeni Zelandiyalı həkimlərin bu təklifə soyuq yanaşmasının səbəbi bölgənin ucqar yerdə yerləşməsi, məktəblərin sayının az olması və dolayısı ilə seçim imkanlarının azlığı, bölgədə xidmətlərin çatışmamazlığı ilə bağlana bilər. Digər tərəfdən, Yeni Zelandiyada bir həkimin illik qazancı təqribən 132 min manat ilə 211 min manat arasında dəyişir.