Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi açılıb

© Sputnik / Murad OrujovBakının mənzərəsi
Bakının mənzərəsi - Sputnik Azərbaycan
Abunə olmaq
1995-2015-ci illərdə Azərbaycanda FAO tərəfindən 23 layihə həyata keçirilib, hazırda isə 5 milli və 2 regional layihənin icrası davam edir.

BAKI, 24 fev — Sputnik. Fevralın 24-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi açılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Sputnik-ə bildiriblər ki, açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov FAO ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələrindən danışıb, 1995-ci ildə təşkilata üzv olduğu müddətdən bəri FAO tərəfindən respublikamızda həyata keçirilən proqram və layihələrin ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafına mühüm töhfələr verdiyini bildirib.

Nazir qeyd edib ki, 1995-2015-ci illərdə Azərbaycanda FAO tərəfindən 23 layihə həyata keçirilib, hazırda isə 5 milli və 2 regional layihənin icrası davam edir. Layihələr əsasən toxumçuluq, ekoloji təmiz kənd təsərrüfatı, heyvandarlıq, o cümlədən arıçılıq sahəsində məhsuldarlığın atırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, çəyirtkələrə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişafına yönəlib.

Heydər Əsədov qeyri-neft sektorunun inkişafında, eləcə də yoxsulluqla mübarizə sahəsində atılmış ciddi addımlar nəticəsində uğurlar qazanıldığını diqqətə çatdıraraq deyib: “Əldə edilən bu uğurlar bir çox mötəbər beynəlxalq qurumlar, o cümlədən FAO tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2015-ci ildə FAO-nun Roma şəhərində keçirilən konfransının 39-cu sessiyasında yoxsulluqla mübarizə istiqamətində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan xüsusi mükafata layiq görülüb. Eyni zamanda, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilən Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərə görə “Cənub-Cənub” mükafatı ilə təltif olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə ətraf mühit və təbii ehtiyatların mühafizəsi sahəsində göstərdiyi xidmətlərə görə FAO-nun xoşməramlı səfiri elan edilib”.

FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir respublikamızda əvvəllər mövcud olan nümayəndəliyin Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi statusuna yüksəldilməsinin kənd təsərrüfatı sahəsində ölkənin potensialının və texniki səriştəsinin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

M.İmir çıxışında Azərbaycanın yardım alan ölkədən tərəfdaş və yeni donor ölkəyə çevrildiyini vurğulayıb. O, Kənd Təsərrüfatı Nazirliyinin, xüsusilə də ofisdə çalışacaq azərbaycanlı gənc mütəxəssislərin beynəlxalq əməkdaşlıq sahəsində təcrübəsinin daha da artacağını və nəticə etibarilə FAO-nun “Cənub-Cənub” əməkdaşlığı çərçivəsində Azərbaycanın təcrübəsinin regionda və regiondan kənar ölkələrdə tətbiq edilə biləcəyini diqqətə çatdırıb.

Daha sonra kənd təsərrüfatı naziri Heydər Əsədov və FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir Azərbaycan Hökuməti ilə FAO arasında “Azərbaycanda toxumçuluq sektorunun inkişafına dəstək” layihəsini imzalayıblar.

Heydər Əsədov bildirib ki, növbəti iki ildə həyata keçiriləcək layihənin əsas məqsədi toxumçuluq, sortun sınağı və qeydiyyatı, toxumun keyfiyyətinə nəzarət və sertifikalaşma sahəsində, həmçinin toxum emalı və marketinqdə qəbul olunmuş beynəlxalq qaydaların və mexanizmlərin tətbiqinə imkan verəcək toxumçuluq sektorunu inkişaf etdirməkdir.

Xəbər lenti
0