BAKI, 24 fev — Sputnik. ASAN xidmətin "Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi" xidmətində son günlər ciddi sıxlıqlar müşahidə olunur. Buna səbəb məktəblərdə 9 və 11-ci sinif şagirdlərindən şəxsiyyət vəsiqələrinin məcburi tələb olunmasıdır.
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, vəsiqələrin şagirdlərdən məcburi tələb olunması qarşıdan gələn buraxılış imtahanları ilə əlaqəlidir: "Məzun sistemində şagirdlər barədə məlumatların daxil edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması vacibdir" — deyə BŞTİ-dən bildirilib.
Elə bu səbəbdən də son günlər ASAN xidmət orqanlarında şəxsiyyət vəsiqələrinin verilməsi xidmətində ciddi sıxlıq müşahidə olunur.
Agentlikdə yaranan sıxlıqla bağlı Sputnik-ə açıqlama verən ASAN xidmət informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov, vətəndaşlara önəmli tövsiyyələr verib:
"Yaxşı olardı ki, vətəndaşlar agentliyin elektron səhifəsi asan.gov.az-a daxil olub, növbələrlə bağlı öncədən məlumat əldə etsinlər. Həmin saytda hansı xidmətdə nə qədər növbə olduğu barədə ətraflı məlumatlar yerləşdirilib".