Fuad Məmmədov-Paşabəyli
BAKI, 23 fev-Sputnik. Tale mənə üç dəfə bu dəri top ustası, milyonların kumiri və ünsiyyətə açıq olan şəxslə görüşməyi qismət edib. Cəmi üç dəfə olub, lakin bu görüşlərin arasından mənim həyatımda əlamətdar olan hadisələrin baş verdiyi və böyük futbolçunun taleyində möhtəşəm rol oynamış illər keçib.
Bu gün böyük Azərbaycan futbolçusu, dəri topun dünya şöhrətli mahir ustası, Anatoli Banişevskinin anadan olmasından 70 il ötür. Bu oyunun azarkeşlərinin bir neçə nəsli o dövrün Azərbaycanının simvollarından biri olmuş, dünyanın müxtəlif arenalarında gözəl oyunu ilə sonsuz sədaqətli olduğu doğma torpağını ucaltmış bu şəxsin adı ehtiramla çəkərək yada salırlar. O Azərbaycanı hərarətlə sevirdi, Bakının dəlicəsinə vurğunu və ona bəxş edilmiş fitri istedadla Vətəninə şöhrət gətirən şəxslərdən idi.
Ötən əsrin altmışıncı illərinin, tam olaraq gözəl xatırladığımı demək şişirtmək olardı, lakin altmışıncı illərin ikinci yarısı mənim uşaq yaddaşımda möhkəm qalıb. Xüsusilə 1966-cı il. İnternet və televiziyanı adi hal kimi görən hazırkı nəslə həmin il İngiltərədə keçirilən dünya çempionatının futbol oyunlarına baxmaq xoşbəxtliyi əldə etmiş səkkiz yaşlı məktəblini başa düşmək çətindir. Çünki məhz həmin il Mərkəzi televiziya bu oyunun azarkeşlərini birbaşa reportajlarla sevindirdi. Həmin əlamətdar ildə Bakınının "Neftyanik" komandasının oyunu isə!.. Cənablar, bir şahid kimi sizi inandırıram — bu möhtəşəm idi! Bakımızın komandasının möhtəşəm heyəti o dövrün bütün adlı-sanlı sovet klublarının qənimi idi.
O dövrün 3 hücumçusu Azərbaycan futbolunun fəxri idi: Eduard Markarov — Anatoli Banişevski — Kazbek Tuayev. Bir çox yerli və xarici futbol ekspertlərinin fikrincə, bu, Avropanın ən güclü hücumçu üçlüyü idi. Hörmətli oxucu, bu gün mən böyük Anatoli Banişevski ilə üç görüşümdən sizə bəhs etmək istəyirəm. Tale mənə üç dəfə bu dəri top ustası, milyonların kumiri və ünsiyyətə açıq olan şəxslə görüşməyi qismət edib. Cəmi üç dəfə olub, lakin bu görüşlərin arasından mənim həyatımda əlamətdar olan hadisələrin baş verdiyi və böyük futbolçunun taleyində möhtəşəm rol oynamış illər keçib.
Birinci görüş
Hazırkı nəsillər bizim futbola olan təmənnasız sevgimizi, Bakının "Neftyanik" klubunun bizim üçün nə olduğunu çətinliklə başa düşə bilərlər. Biz öz komandamız haqqında demək olar ki, hər şeyi bilirdik. O dövrdə İnternet yox idi, lakin futbol barədə dərc olunan istənilən broşüranı nöqtə-vergülünədək oxuyurduq. Mən də yaşıdlarımdan fərqlənməyərək həyətdə rezin topu (o dövrdə dəri top asanlıqla tapılan deyildi) həvəslə qova-qova öz kumirlərimə oxşamağa çalışırdım.
1966-cı ildə İngiltərədə dünya çempionatı keçirilirdi və biz səbirsizliklə mundialda bizim Anatoli Banişevski və Eduard Markarovun özlərini necə göstərəcəklərini gözləyirdik. Təəssüf ki, SSRİ yığmasının baş məşqçisi Morozov bakılı hücumçuları birlikdə oyuna buraxmadı və bu mənim fikrimcə, yığmanın oyununu xeyli zəiflətdi. Lakin məhz həmin ildə "Neftyanik" İttifaq birinciliyinin bürünc medallarını qazandı. Dünya çempionatında əla oyun göstərmiş Banişevski SSRİ birinciliyində də parlayırdı. O, biz, 8-10 yaşlı oğlanlar üçün əlçatmaz büt idi. Yaş fərqinə baxmayaraq, onu nəvazişlə "Tolik" adlandırırdıq. Mən onunla danışa bilmək barədə xəyallar qururdum.
Bundan xəbəri olan atam komandanın rəisi ilə ümumi dostlarının olmasından istifadə edərək məni klubun soyunub-geyinmə otağına keçirmək istədi. Bizi ora buraxmadılar, lakin möcüzə baş verdi! — Banişevskinin özü bizə yaxınlaşdı! Mənim nitqim qurudu, öz kumirimə baxıb dondum və yalnız atamın dümsükləməsindən sonra dəri topu (atam bu hadisədən ötrü xüsusi olaraq bağışlamışdı) öz kumirimə uzatdım və həyəcandan heç bir söz deyə bilmədim. Banişevski topu aldı, ətrafa baxdı (bu vaxt kimsə ona qələm uzatdı), imzaladı və topu mənə qaytardı. Sonra atamın əlini sıxıb soyunub-geyinmə otağına tərəf getdi. Bu vaxt mən elə bil ayıldım və var gücümlə qışqırdım: "Çox sağ ol, Tolik!".
Banişevski geri çevrildi, gülümsədi və mənə əl elədi. Yox, zəhləsi getmiş fanata edilən "candərdi" əl etmədi, mənə köhnə yaxın tanışı kimi əl elədi.
Mən Banişevskinin avtoqrafı olan o topu göz bəbəyim kimi qoruyurdum. Bu əlamətdar hədiyyədən 5 il sonra bizim evdə təmir başladı. Məndən asılı olmayan səbəbdən yaranmış qarma-qarışıqlıqda top itdi. Aydın məsələdir ki, bu mənim üçün yeri doldurulmaz itki idi.
İkinci görüş
Köhnə bakılılar Leninqrad prospekti (indiki Fətəli Xan Xoyski küçəsi) ilə Ağa Nemətulla küçəsinin tinində yerləşən pivəxananı xatırlayarlar. Orada həmişə təzə və təbii ki, sovet dövrü üçün çox keyfiyyətli pivə olurdu. 1980-ci il idi. Dostlarımla bu məkana pivə içməyə getmişdik. Qəribə olsa da, adam az idi. Qonşu masanın arxasında çox tanış bir sifət gördüm. Banişevski! Ola bilməz! Bilər. O idi. Ağırlaşmışdı, qocalmışdı, lakin o idi — Tolik!
Mən gözümü ondan çəkə bilmədim və o, bunu görüb sərt şəkildə soruşdu: "Nə baxırsan?! Nəsə lazımdır?" Mən ona yaxınlaşaraq çox səfeh bir cümlə işlətdim: "Tolik, məni tanıdınız?". O məni süzən məqamda özümə gəldim və ona uşaqlıqda baş verən əhvalatı danışdım. O gülümsədi: "Demək, qismət belə imiş". O məni masasına dəvət etdi, onunla pivə içərkən bir neçə sual verə bildim. O isə suallara çox qısa cavablar verirdi. On dəqiqə keçər-keçməz o və ətrafındakılar pivəxananı tərk etmək qərarına gəldilər. O mənə əlini uzadıb əlimi möhkəm sıxdı. Mən masanın pulunu ödəmək istəyirdim, lakin o öz jesti ilə məni saxladı. Hər şeyin pulu ödənilmişdi. O çıxmaq üçün qapını açarkən mən yenə dedim: "Tolik, çox sağ ol!". O geriyə döndü, gülümsədi və əl elədi. Məncə, artıq başa düşürsünüz ki, bundan sonra Banişevski ilə görüşümün şahidi olan dostlarım məni sual atəşinə tutdular.
Sonuncu görüş
Daha 16 il keçdi. Öz xidməti vəzifəmlə əlaqədar olaraq, mən uşaq futbol turniri təşkil edirdim. Gözəl insan, beynəlxalq dərəcəli futbol hakimi Rüstəm Rəhimovla əlaqə yaradıb bu işdə mənə kömək etməsini xahiş elədim. O təmənnasız olaraq razılaşdı. Bu azmış kimi onun sayəsində böyük Ələkbər Məmmədovla şəxsən tanış olmaq xoşbəxtliyinə nail oldum. Ələkbər Məmmədova ünvanladığım xahişlərdən biri turnirdə Banişevskinin iştirak etməsinə yardım göstərməsi idi. Turnir keçirilən dövrdə məndə seytnot idi, lakin qaliblərin mükafatlandırılması mərasimi başlayanda mən Məmmədova sual verdim: "Banişevski hanı?" Və qəflətən sağ tərəfimdən səs eşitdim: "Buradayam". Yanımda sonuncu görüşümüzdən sonra xeyli arıqlamış və görkəmindən ağır xəstə olduğu bilinən adam dayanmışdı.
"Sizi tanıya bilmədim", — deyə bildirdim. "Xəstəyəm", — deyə Banişevski qısa cavab verdi. Mükafatlandırmadan sonra xoşbəxt uşaqlar Ələkbər Məmmədov və Anatoli Banişevskinin təqdim etdikləri mükafatları özləri ilə apararkən, mən, məqamdan istifadə edərək, "Neftyanik"in və SSRİ yığmasının əfsanəvi "doqquz nömrəsi" ilə danışdım. Söhbətimizin əvvəlində yenə sual verdim: "Siz məni tanımadınız?". Əfsanəvi futbolçu sualıma cavab verməyərək susdu. Səfehlik etdiyimi başa düşərək mən İngiltərədəki dünya çempionatı barədə söz açdım və soruşdum: "Niyə İngiltərədə qalmadınız, axı sizə böyük pullar təklif olunurdu?". O cavab verdi: "Bilirsən, bu sualı mənə tez-tez verirlər. İstəmədim. Niyə? Bakıdan yaxşı heç yerdə ola bilməzdi". Sadə, pafossuz, adi həqiqəti dedi Banişevski. "Peşman deyilsiniz?", — deyə ondan əl çəkmədim. "Yox. Amma…", — deyə o könülsüz cavab verdi. "Nə?", — mən cəld maraqlandım. "Çoxları mənə deyir ki, əgər qalsaydım, pul qazanardım. İndi dərmanlar bahadır. Xəstəyəm. Yəqin ki, haqlıdırlar. Amma mən istəmədim. Peşman da deyiləm". Mən Banişevskinin özünə xas olmayan bu uzun nitqindən heyrətlənərkən, gülümsəyən Banişevski hansısa oğlanın ona uzatdığı topu alıb imzaladı.
Turnir başa çatdı və hamı dağılışmağa başladı. Banişevski də gedirdi, lakin mən onun siluetini taparaq ardınca "Tolik, çox sağ ol!" qışqırdım. O çevrildi, xoş bir təbəssümlə gülümsədi və mənə əl elədi. Mən uzun müddət Banişevskinin ardınca baxdım. Bir daha onu görmədim. Sonuncu görüşümüzdən bir neçə ay sonra Azərbaycan futbolunun fəxri, böyük hücumçu, vətəni Azərbaycana sadiq olan vətənpərvər həyata gözlərini yumdu. O getdi və bizdə bu sadə və xeyirxah insana minnətdarlıq hissi qaldı. Onun 70 yaşı tamam olan gün də Banişevskiyə ona üç dəfə dediyim və əminəm ki, onun böyük istedadının bütün pərəstişkarlarının qoşulacağı sözləri demək istəyirəm: "Tolik, çox sağ ol!".
Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.