BAKI, 23 fev-Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi təsdiqlənib.
Sputnik xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur.
Gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır.