BAKI, 23 fev-Sputnik. "İndiki çətin şərtlər altında bundan daha mükəmməl bir büdcə layihəsinin hazırlanmasını mümkünsüz sayıram. Amma düşünürəm ki, hökumətin özəlləşdirməni xeyli genişləndirmək şərti ilə büdcədə gəlirləri xeyli dərəcədə artırmaq imkanları var idi."
Sputnik xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti bu məsələni artıq hökumət qarşısında ciddi şəkildə qoyub. Dəfələrlə parlamentdə bu məsələ millət vəkilləri tərəfindən hökumət qarşısında qaldırılıb. İndi cəmi 100 milyon manatlıq bir özəlləşdirmə nəzərdə tutulur. Bu da hesablama Palatasının hazırladığı rəydən bəlli olur. Yəni, hökumətin təqdim etdiyi layihədə bu görünmür. Büdcədə 1,6 milyard kəsir var. Bunun 100 milyon manatının özəlləşdirmə hesabına bağlanması nəzərdə tutulur.
"Dəfələrlə demişəm ki, son illər ərzində ölkədə çoxlu sayda idman kompleksləri, olimpiya kompleksləri, səhiyyə obyektləri tikilib. Bir neçə ildən sonra bu obyektlərin saxlanması üçün hökumət vəsait tapmayacaq. Bunları özəlləşdirmək lazımdır, nə qədər ki, dağılıb getməyib, dəyərini itirməyiblər. Bilirsiniz ki, xüsusilə tibb sahəsində müayinə cihazları az qala hər ay təkmilləşir, yeniləşir. Gələcəkdə onları yeni avadanlıqlarla, cihazlarla təmin etmək üçün vəsaitlər tələb olunacaq. Ona görə, bunları özəlləşdirmək lazımdır. Universitetlər özəlləşdirilməlidir. Biz bunları indi eləməliyik"-deyə millət vəkili deyib.
Q. Həsənquliyev regionlardakı hava limanlarının özəlləşdirilməsini də mühüm hesab edir: "Bunlar özəlləşdirilməlidir ki, həm də AZAL ilə həmin aeroportlar arasında rəqabət mühiti yaransın. Hökumət ciddi şəkildə bu işlərlə məşğul olmalıdır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bankları artıq etiraf edirlər ki, manatla kredit vermirlər. Bu, müstəsna hallarda baş verir. Dollarla da kredit götürülmür. Sahibkarlar hələ də növbəti devalvasiyanın olub-olmayacağından əmin deyillər: "Şəxsən millət vəkili kimi məndə əminlik yoxdur. Bundan çıxış yolları barədə fikirləri varmı? Şəxsən bu mənə qaranlıq qalırsa, yəqin ki sahibkarlar üçün zülmətdir. İctimaiyyətə bir açıqlama verilməlidir: Bu problem necə yaranıb, bundan çıxış yollarını nədə görürük və onu necə aradan qaldıracağıq. Elə etməliyik ki, insanlar inansın, iqtisadi təşəbbüs yaransın. Əgər biz bunu edə bilməyəcəyiksə, vəziyyətdən çıxmaq xeyli dərəcədə çətin olacaq."