Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əgər qadın olsaydım, mənə hər yerdə yer olacaqdı

© Sputnik / Tarana Khudabakhshiyevaİlham Kərimli, peşəkar rəqqas
İlham Kərimli, peşəkar rəqqas - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur rəqqas İlham Kərimli: "Rəqslərimin hamısını sevirəm və onlar mənimlə gedəcək."

BAKI, 23 fev-Sputnik. Azərbaycanda rəqs sənətinə öz möhürünü vurmuş müasir kişi rəqqaslar barmaqla sayılası qədər azdır. Onlardan biri də, İlham Kərimlidir. Sputnik-in əməkdaşı İlham Kərimli ilə müasir Azərbaycan rəqs sənəti və rəqqasların sosial durumu ilə bağlı söhbətləşib.

- Hazırda Azərbaycanda sizin kimi məşhur və tanınan kişi rəqqas yoxdur. Buna səbəb nədir?

— Əslində rəqqaslar var. Sadəcə işləməkdən asılıdır. Hər insan peşəsindən asılı olmayaraq öz üzərində işləməlidir ki, nəticədə uğurunu görsün. Bilmədiklərimizi özümüzdən yaşca böyük olan müəllimlərdən öyrənməliyik. Həm media, həm də sosial şəbəkələr vasitəsilə sənətimizi tanıtmağa, gələcək nəsillərə ötürməyə çalışırıq.

- Gələcəkdə sizin sənətinizi davam etdirəcək oğlan tələbələriniz var?

— Mən 20 ildir müəllim işləyirəm. Bu müddət ərzində hamısı olmasa da, çox tələbələrim rəqsi davam etdirir. Mən bir müəllim kimi həmişə onlara dəstəyəm. Müəllimin işi pul alıb dərs deməklə bitmir. Onlara seçdikləri yolda kömək etmək də müəllimin üzərinə düşən öhdəliklərdən biridir. Artıq valideynlər özləri oğullarını rəqsə qoyurlar. Hazırda rəqsə maraq çoxdur. Bu da sevindirici haldır.

- Siz çoxlu rəqslər (hind, ərəb, latın və s.) bilirsiz. Bu qədər fərqli ruhda olan rəqsləri bir rəqqas necə oynaya bilər? Bu iş üçün aktyorluq bilgiləri də tələb olunur?

— Öncəliklə onu deyim ki, mən Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivi fakültəsini, sonra Kinorejissorluq fakültəsini bitirmişəm. Hazırda Baletmeysterlik fakültəsinin III kurs tələbəsiyəm. Tutduğum yol incəsənətlə bağlıdır və mən öz sahəmlə məşğulam. Rəqqas gərək rəqsi sevsin və ona bağlansın.

- "Oriental" rəqslə sənətə gəlib özünə rəqqas deyənləri peşəkar rəqqas (yaxud rəqqasə) sayırsınız?

— Qalmaqal axtarırsız? (gülür) Əgər bir rəqqasə rəqsin yolunu tutub onunla ömrü boyu məşğul olursa, əlbəttə onu peşəkar saymaq olar. Yox əgər pul naminə oynayırsa, yəni hər hansı məclisdə oynayaraq masalara yaxınlaşıb pul yığırsa, o zaman belələrini peşəkar saya bilmərəm. Bütün rəqsləri gözəl təqdim etməyi bacarmaq lazımdır, istər milli olsun, istər el dili ilə desək, "göbək rəqsi" adlandırdığımız ərəb rəqsləri olsun. Vacib deyil ki, açıq saçıq geyimdə rəqs edəsən. Əksinə bağlı paltarda klassik hərəkətlərlə rəqs edə bilərsən və tamaşaçı səni belə də sevər. O zaman tamaşaçıların beynində başqa bir düşüncə formalaşdırmırsan. Kim deyir ki, ərəb ölkələrində hamı göbəyiaçıq rəqs edir?! Əsla belə deyil.
Bir də rəqqasələr bilmədiklərini peşəkarlardan öyrənsinlər. Təbii, peşəkarlar da bacardığını cavan nəsillərə öyrətməlidir. Yoxsa verlişlərdə oturub cavan rəqqasələri, rəqqasları bəyənmirlər. Adama deyərlər, ay ağsaqqal, ay ağbirçək, bilmir, çək kənara, başa sal, öyrət! Pisə pis deməyə nə var ki. Çalışmaq lazımdır ki, pisi yaxşı edəsən.
Əgər mən qadın olsaydım, inanın, mənim üçün hər yerdə yer olacaqdı. Hər kəs mənə başqa hörmətlə yanaşacaqdı, başqa cür qəbul edəcəkdi. Onda heç bu qədər əziyyət də çəkməyəcəkdim. Kişi rəqqas olmaq isə fərqlidir. Özün öz sponsorun olmalısan. Bu günə kimi dünyanın bir çox ölkələrinə gedərək rəqsləri öyrənmişəm. Bunların hamısı öz maddi imkanım hesabına olub. Özüm-özümə sponsorluq etmişəm.
İndiki dövrdə efirə çıxmaq, tamaşaçı sevgisi qazanmaq çox asandır. Mənim dövrümdə isə bu çox çətin idi. İndiki uğurumun səbəbi illərin əziyyətidir.

-Toylara rəqqas kimi gedirsiniz?

— Əlbəttə gedirəm. Toylar bizim əsas gəlir mənbəyimizdir. Müəyyən yaşa kimi gedəcəm.

-Devalvasiya sizə də təsir edib?

— Çox təsir edib. Amma optimist olmaq lazımdır. Müvəqqəti çətinlikdir, onu da keçməliyik. Düşünürəm ki, hər şey yaxşı olacaq.

- Devalvasiya sizə təsir edibsə, demək ki, toy qiymətlərini aşağı salmısız….

— Toy var ki? Əvvəl ayda 15-20 toy var idisə, indi aya heç 1-2 toy yoxdur.

- İlham bəyin özünü tapdığı və ruhunu oxşayan rəqsi hansıdır?

— Çox çətin sualdır. Məşhur hind aktrisası Xema Malininin bir sitatı var: "Mənim həyatımın sonuna kimi, qəbr evinə qədər ayrılmaz bir sevgim var. O da rəqsdir. Və o rəqslər də mənimlə gedəcək." Elə mən də rəqslərimin hamısını sevirəm və onlar mənimlə gedəcək. Bütün ifa etdiyim rəqslər mənə övladım qədər əzizdir və ayrıseçkilik edə bilmirəm. Amma dərindən düşünsəm, mənə milli rəqslərimiz daha doğmadır.

Xəbər lenti
0