BAKI, 23 fev-Sputnik. ABŞ-da şist neftini hasil edən şirkətlər digər ölkələrin neft hasilatını azaltdıqları təqdirdə yaranan kəsiri tez bir zamanda doldurmağa hazırdır.
Sputnik "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Abdulla əl-Bədri hər il ABŞ-ın Hyuston şəhərində Texas və Şimali Dakotadan olan sənayeçilərin iştirakı ilə keçirilən ənənəvi beynəlxalq neft-qaz konfransında bildirib.
Əl-Bədri deyib ki, OPEC üzvləri də daxil olmaqla neft ölkələrinin neftin qiymətini artırmaq üçün hasilatı azaltmaq və ya dondurmaq cəhdləri bir nəticə verməyəcək. Neftin bahalaşması ona gətirib çıxaracaq ki, ABŞ-ın şist neft hasilatçıları qısa zamanda neft hasilatını artıracaq. Əl-Bədrinin firkincə, OPEC indiyə kimi heç vaxt belə tez zamanda bərpa olunan enerji mənbəyi ilə rəqabət aparmayıb. Bu vəziyyət kartelə neft hasilatını azaldaraq qiymətlərin düşməsinə mane olmağa imkan vermir.
"Energy Intelligence Group" konsaltinq şirkətinin proqnozlarına əsasən, ABŞ 2016-cı ildə neft hasilatını ən çox artıran ölkə olacaq. Onun OPEC üzvü olmayan neft hasil edən ölkələrin daxilindəki payı 60%-ə qədər və ya gündəlik 500 min barel artacaq. Bu isə o deməkdir ki, neftin qiymətinin stabilləşməsi üçün ən əvvəl ABŞ-la razılaşmaq lazımdır. ABŞ qanunvericiliyinə görə, OPEC-lə dialoq mümkün deyil. Çünki Energetika Nazirliyi özəl şirkətlərin fəaliyyətinə müdaxilə edə bilməz.
ABŞ Konqresi dekabr ayında 1975-ci ildən qüvvədə olan neft ixracı embarqosunu aradan qaldırıb. Bu qərardan sonra Şimali Dakota ştatının senatoru Haydi Haydkamp bildirib ki, ABŞ Səudiyyə Ərəbistanı, Rusiya və digər ölkələrlə rəqabət aparacaq.