BAKI, 23 fev — Sputnik. 1911-ci il fevralın 23-də Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri olan Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəlbəy Bədəlbəylinin (1875-1932) və Rəhimə xanım Qacarın (1880-1966) ailəsində dünyaya gəlib.
O, Bakıda orta məktəbdə ibtidai təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır.
Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru (1974-1976) olub. O, yüzlərlə film, opera, tamaşaya quruluş verib.
Həmçinin aktyor qismində “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
"Ömrün səhifələri" filmində hadisələr Şəmsi Bədəlbəylinin canlandırdığı telefon gözləyən adamın ətrafında cərəyan edir.
Ş.Bədəlbəyli 1987-ci il mayın 24-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.