Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yenə də bədbəxt hadisə: bu problem Azərbaycanda hələ uzun müddət olacaq

© report.azTikinti
Tikinti - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, Azərbaycanda aparılan tikintilərdə təhlükəsizlik problemi hələ bir müddət davam edəcək.

Tikintidə bədbəxt hadisələr hər an təkrarlana bilər
BAKI, 22 fev — Sputnik. Fevralın 21-də Bakının Səbail rayonu, Parlament prospekti 9 ünvanında 20 nömrəli məktəbin tikintisi zamanı bədbəxt hadisə baş verib. Tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Təssüf ki, Azərbaycanda oxşar hadisələrə tez-tez rast gəlinir. Bunun səbəbi isə təhlükəsizlik qaydalarına tam riayət edilməməsi ilə bağlıdır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanovun sözlərinə görə, son illər görülən tədbirlər öz bəhrəsini versə də, problemlər hələ də qalmaqdadır:

“Son illər ümumiyyətlə tikintidə təhlükəsizliklə bağlı müəyyən tədbirlər görülür və bunu tikintidəki ölüm saylarının azalması da sübut edir. Aparılan tədbirlər nəticəsində tikintinin mərkəzi hesab olunan Bakı şəhərində bu sahədə irəliləyişlər var. Amma sözsüz ki, Azərbaycan Avropa deyil. Azərbaycanda tikinti sahəsində təhlükəsizliyin tam təmin olunması və bu problemin tam olaraq aradan qaldırılması üçün uzun müddət lazımdır və kifayət qədər maarifləndirmə işləri aparılmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Emin Allahverdiyev də oxşar hadisələrin təhlükəsizlik qaydalarına tam riayət edilməməsi ilə bağlayır. Onun sözlərinə görə, işəgötürənlər bu sahədə daha ehtiyyatlı olmalıdırlar:

“Hər bir işəgötürən işçilərin sağlam şəraitdə işlədilməsi üçün əməyin mühafizəsi norma və qaydaları ilə tanış olmalıdır və onları iş sahəsinə buraxmamışdan öncə onları xüsusi paltar, geyim, fərdi mühafizə vasitələri ilə təmin etməlidir. İnsan həyatı üçün təhlükəli və daha riskli olan yerlərdə müəyyən çəpərləmələr aparılmalıdır. Həmin sahələrdə xəbərverici nişanlar, məlumatlar, plakatlar yerləşdirilməlidir ki, işçilər riskli sahələrdə əməyin mühafizəsi qaydalarına əməl etsinlər”.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov onu da deyir ki, təhlükəsizlik problemi hələ Azərbaycanda bir müddət davam edəcək, lakin müəyyən addımlar atılarsa onu tam aradan qaldırmaq mümkündür:

“Avropada heç vaxt fəhləni ya ustanı tikintiyə kaskasız, xüsusi gödəkçəsiz keçirmək mümkün deyil, amma Azərbaycanda uzun müddət bu problemlər olacaq. Hesab edirəm ki, həl il nəzarət gücləndirilir. Məsələn, Fövqəladə Hallar Nazirliyində bununla bağlı aqentlik fəaliyyət göstərir, eyni zamanda Əmək Müfəttişliyi və digər müvafiq strukturlar bu sahə ilə məşğul olurlar. Zəmnimcə, bu istiqamətdə maarifləndirmə işləri gücləndirilərsə, tikintidə fəaliyyət göstərən insanlarla mütəmadi olaraq işlər aparılarsa, bu problemi tam aradan qaldırmaq mümkündür”.

Qeyd edək ki, bədbəxt hadisənin baş verdiyi tikintiyə məsul şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb. İdarədən verilən məlumata görə, aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Xəbər lenti
0