BAKI, 22 fev — Sputnik. Dünyada silah ticarətinin həcminin artmasının səbəbi nədir? Azərbaycanın silah tədarükü artıbmı?
Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun bu gün açıqladığı dünya silah ticarəti barədə növbəti hesabatda məlumat verilir ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41% azalıb ki, bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub. Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü 217% artıb.
2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb və 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14%-lik artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Bu ölkələrin ümumi silah satışındakı payı 74% təşkil edib.
Dünyada silah ticarətinin həcminin artması ilə bağlı hərbi ekspert Üzeyir Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, regionun ayrı-ayrı nöqtələrində həm silahlı toqquşmalar, münaqişələr baş verir: “Suriyada münaqişə daha da alovlanır. Bu münaqişəyə daha çox ölkələr cəlb olunur. İndi artıq NATO, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və s. ölkələr ora müdaxilə edirlər”.
Hərbi ekspertin sözlərinə görə, regionda silahlanma yarışı gedir.
“Silahlanma aktiv şəkildə həyata keçirilir. Hesab edirəm ki, yəqin buna da yaxın bir vaxtda alternativ yollar tapılmalıdır. Regionda yenə də çox ciddi toqquşmaların olması mümkündür. Bundan özünü sığortalamaq üçün Azərbaycan da müəyyən adekvat addımlar atmalıdır”, deyə Cəfərov bildirib.
Ekspertin fikrincə, silahlanma siyahısında Azərbaycanın adı “yəqin ki, gələn il, o biri illərdə də yuxarı pillələrdə görünəcək”.
Ölkəmizin silah istehsalı potensialından danışan ekspert deyib ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi həm özü, həm də müştərək qaydada Türkiyə, İsrail, Cənubi Afrika, Pakistan və digər ölkələr ilə birgə məhsullar istehsal edir. Ehtiyat hissələri, o cümlədən bəzi avadanlıqların Azərbaycanda istehsalı artıq həyata keçirilir: “Bu çox uğurludur və özünü doğruldur. Hesab edirəm ki, bir müddətdən sonra Müdafiə Sənayesi Nazirliyi xaricə müəyyən məhsulların ixracı məsələsində ön yerlərə keçəcək”.